Statistikaya görə Almaniya Federativ Respublikası keçən 2018-ci il ərzində 161,867 Asyl statusuna iddialı şəxsi qəbul edib. Bunlar əsasən Suriya (99.7% müsbət cavab alıb), İrak (36.6% müsbət cavab alıb) və İran (31.5% müsbət cavab alıb) vətəndaşlarıdır. Ümumiyyətlə isə Almaniya keçən il ərzində daha əvvəllər baxılmış, lakin cavablandırılmamış müraciətlərlə birgə 39584 nəfərə bu statusu verib ki, bu da müraciətlərin 35.5% hissəsini təşkil edir.

Azərbaycan vətəndaşı olan müraciətçilərlə bağlı vəziyyət necədir?
2018-ci ilin statistik məlumatlarına görə Azərbaycan vətəndaşları say ardıcıllığı ilə ən çox Almaniya, Fransa, İsveç, Niderland, ABŞ, Kanada, Birləşmiş Krallıq, İsveçrə, Avstriya, İtaliya, İsrail, Çexiya, Polşa, RusiyaLitvada bu status üçün müraciət edib. Ən az muraciət olunan ölkələr isə say azlığından çoxluğa doğru İslandiya, Danimarka, Ukrayna, Portuqaliya, Norveç, Lüxemburq, Sloveniya, Gürcüstan, Latviya, Finlandiya, Belçika, Slovakiyaİspaniyaya müraciət edib. Ən çox imtina cavablarının verildiyi ölkələr isə Danimarka (keçən il heç bir müraciət olmayıb, daha əvvəlki müraciətlərin 17-nə mənfi cavab cavab, müsbət cavab sayı 0), Lüxemburq (5 müraciət olub, imtina cavabı 5, müsbət cavab 0), Latviya (14 müraciət olub, imtina cavabı 11, müsbət cavab 0), Polşa (30 müraciət olub, 27 imtina, müsbət cavab 0), İsveç (329 müraciət olub, 156 imtina, 27 müsbət cavab) və Fransadır (411 müraciət olub, 271 imtina, 26 müsbət cavab). Ən çox məsələni uzadan, nə mənfi, nə müsbət cavab verməyən ölkələr isə Ukrayna (5 müraciət, mənfi və müsbət cavab 0), Norveç (5 müraciət, mənfi və müsbət cavab 0), Sloveniya (12 müraciət, mənfi və müsbət cavab 0), Gürcüstan (12 müraciət, mənfi və müsbət cavab 0), Finlandiya (14 müraciət, mənfi və müsbət cavab 0), Slovakiya (16 müraciət, mənfi və müsbət cavab 0), Rusiya (26 müraciət, mənfi və müsbət cavab 0), İsrail (45 müraciət, mənfi və müsbət cavab 0) kimi dövlətlərdir. Bir sıra ölkələrdə, məsələn Kanada (164 müraciət, 80 mənfi cavab və 132 müsbət cavab), Birləşmiş Krallıq (105 müraciət olub, 51 mənfi, 46 müsbət cavab), ABŞ (184 müraciət, mənfi cavab 70, müsbət cavab 63), İspaniya (19 müraciət, mənfi cavab 0 və müsbət cavab 14) daha tez baxıldığı kimi, həm də müsbət cavab sayları daha yüksəkdir.
Almaniyaya gələrək Asyl statusu üçün müraciət edən azərbaycanlıların aldıqları cavablar isə əksər hallarda müsbət olmur. Keçən il 1783 müraciət qəbul olunub, ki, bunun da 1632-sinə mənfi cavab verilib. Niyə imtina cavabları verilir? Yəgin ki, xatırlayırsınız, bundan əvvəl siyasi qaçqın kimə deyilir, bunu detallı şəkildə izah etmişdim. Etiraf etmək lazımdır ki, Azərbaycan vətəndaşı olan müraciətçilər çox zaman ya absurd iddialar ya da saxta məlumatlar ilə müraciət edir. Sizdən intervyunu götürən, həmçinin sənədlərinizi araşdıran şəxslər isə Azərbaycan haqqında kifayət qədər məlumatlı şəxslərdir, bəzi hallarda kiçik detalları isə müxtəlif metodlarla araşdırıb qərar verirlər. Bu səbəbdən də, hazırda uydurma hekayələr və yalan məlumatlar ilə gediş əvvəlki kimi «rahat» deyil.
İmtina cavabı nədir və niyə verilir? Bu iki halda ola bilər. Birincisi daha əvvəl barəsində məlumat verdiyim mənşəcə III Təhlükəsiz ölkədən olma (§ 29a AsylG) hesab oluna bilər. Azərbaycan vətəndaşları daha çox § 30 AsylG əsasən: saxtalaşdırılmış və yalan məlumatların verilməsi; intervyuda ziddiyyət təşkil edən məlumatların olması səbəbilə bu cavabla qarşılaşır. Bir neçə tanış olduğum real keyslərdən nümunə gətirmək istərdim. Təbii ki, bu keyslərdə şəxslərin adı, qarşılaşdığı problemin təsvir olunduğu məkan, yaşayış yerləri kimi personal datalar barədə məlumatlar göstərilmənək şərtilə.
1. X adlı şəxs yaşadığı yerdə baş vermiş və respublikada böyük əks səda doğuran hadisələrdən zərər çəkdiyini iddia edir. Hadisə zamanı o və ailə üzvlərinin videoreportaj və digər çəkiliş materiallarında kadrlara düşdüyünü qeyd edir, bu kadrlardakı təsvirlər vasitəsilə Azərbaycan xüsusi xidmət orqanları və hüquq mühafizə orqanları onu axtardığını, onu həbs etməyə çalışdığını iddia edir. Sözügedən kadrlar, videolar mövcuddur. Axtarılması ilə bağlı hər hansısa rəsmi qərar, müvafiq orqanlara dəvət ilə bağlı rəsmi çağırış vərəqəsi yoxdur. Onun mülkiyyətinə gələrək, ailəsilə ilə söhbət edilməsi və şifahi dəvət ilə bağlı da sübutlar (foto, video, audio) mövcud deyil. Hadisənin baş verməsindən təxminən 1 il sonra digər Schengen area ölkəsinin vizasını alaraq Almaniyaya gəlib.
Bu işin nümunəsinə bənzər işlər olur. Ona görə də səhvlərim qeyd edim, nəticəni özünüz çıxarın:
— İddia edilən təqib konkret bir məsələyə görədir və bu halda uzunmüddətli olmamalı və ya ölkədən çıxışda problemlərə səbəb olmalı idi. Sözügedən şəxs ictimai çəkisi olan və ya tanınmış şəxs deyil. Bu halda ən sərt metodların tətbiq edilməsi də hökümət və ya digər təqib mənbəyi kimi iddia olunan şəxs/qurumlar üçün problemsiz olmalı idi. Adətən Azərbaycan praktikasında ictimai çəkili şəxslərin (tanınmış bloggerlər, hüquq müdafiəçiləri, jurnalistlər, siyasi fəallar) həbs və daha sərt cəzalandırılması daha çox uzun çəkən proses olur, səbəb beynəlxalq təşkilatların və ictimaiyyətin reaksiyasıdır, hakimiyyət orqanları cəza tədbirləri görmək üçün uyğun vaxt, şərait və s. axtarışında olur. Digər kiçik fiqurlarda isə tam əksinə, tez vaxtda məsələsini həll etməyə meyllidir. Bununla problemin qollanıb budaqlanmadan həlli yolu kimi görülür.
— Hadisənin nəqli çox qarışıq və qeyri dəqiqdir. Hadisənin baş verdiyi yerlər, zaman dolaşıqdır. Həmçinin, iddia olunan təqibin səbəbləri (yuxarıda da qeyd etdiyim kimi, təqibin səbəbi olan foto və videolar var) məlum olsa da, sübutları mövcud olsa da, təqibin olub olmaması şübhəlidir, çünkü bununla bağlı heç bir dəlil yoxdur.
— Hadisə ictimailəşdirilməyib. Uzun müddət və sistematik davam edən təqib müəyyən səbəblərdən (məsələn təhlükəsizlik) aşkar olmasa da, yazışmalar və s. vasitəsilə mətbu orqanlara, hüquq müdafiəçilərinə bu məsələ məlum olmalı idi. Nəzərə alsaq ki, iddia olunan hadisə həm yerli, həm beynəlxalq ictimaiyyətin diqqətində idi və hal hazırda da aktuallığını itirmir, bu halda problemləri bildirmək olardı.
2. X adlı şəxs müraciətindən 7 ay əvvəl təşkil edilən etiraz aksiyasında polis tərəfindən saxlanılması, fiziki şiddətlə üzləşməsi barədə şikayətçidir və bu səbəbdən də Almaniya Federativ Respublikasına gələrək qaçqın statusunun tanınması üçün müraciət edib. Sözügedən fiziki şiddəti təsdiq edən foto, video, audio materiallar yoxdur, yerli hüquq müdafiəçilərinə və QHT-lərə, müstəqil və bitərəf media orqanlarına müraciət edilməyib, bu səbəbdən də mövcud iddia olunan vəziyyəti təsdiq edəsi şəxs(lər) və qurum(lar) da yoxdur. Etiraz aksiyası yerli mediada kifayət qədər işıqlandırılmasına, təzyiq və şiddətlə üzləşən şəxslər barədə kifayət qədər məlumatlar dərc edilsə də, bu şəxsin adı siyahalarda yoxdur. Şəxs hadisə baş verdikdən sonra Almaniyaya gəlmiş, daha sonra geri qayıdaraq yenidən Almaniya səfirliyindən viza alaraq, təxminən 3 həftə sonra Almaniyaya gələrək bu status üçün müraciət edib.
— Yuxarıda qeyd olunan hər üç bənd bura da aiddir.
— Əlavə olaraq bu şəxsin iddia etdiyi keysində sistematik təqib yoxdur. Təzyiq və hüquq pozuntusu halı var. Vətəndaşın qanunvericilikdə və Azərbaycanın tərəfdaş çıxdığı, ratifikasiya etdiyi beynəlxalq sənədlərdə də öz əksini tapan sərbəst toplaşmaq azadlığından istifadəsi məhdudlaşdırılıb, həmçinin bu azadlığından faydalanmaq istədiyi üçün fiziki şiddətə məruz qalıb. Bu halda vətəndaş məhkəməyə müraciət etməli idi. Yerli instansiya məhkəmələri işə baxmayacağı və ya ədalətli mühakimə etməyəcəyi halda Avropa İnsan Haqları Məhkəməsi işə baxmalı və müvafiq hökm oxumalı idi. Asyl statusuna iddia edən şəxs isə bunu kifayət qədər vaxt olmasına baxmayaraq bunu etməyib. Üstəlik, mitinqdə, aksiyalarda iştirak və buna görə fiziki şiddətə məruz qalmaq, təqib mənasına gəlmir. Təqib sistematik davam edən bir anlayışdır.
— Vətəndaşın hüquqlarının məhdudlaşdırılması və fiziki şiddət halı olsa da, bu sistematik davam etməyib. Vətəndaş daha sonrakı 7 aylıq müddətdə sərbəst şəkildə ölkə daxilində hərəkət edib və ölkədən də sərbəst şəkildə çıxış edib. Həmçinin, bu müddətdə hər hansısa təqib və təzyiq halı da qeydə alınmayıb.

— Asyl statusuna iddia edən bu şəxs iddia edildiyi hadisədən 3 ay sonra Almaniyanın Bakıdakı səfirliyindən viza alaraq bu ölkəyə gəlib. Buna baxmayaraq hadisə ilə bağlı heç bir müraciət edilməyib. Geri qayıtdıqdan bir müddət sonra viza alınmış, yenidən 4 ay sonra Almaniyaya gəlmişdir. Əyər həqiqətən təqib mövcud olmuş olsa, bu halda elə ilk səfərdə bildirilməli idi. Və yaxud da, geri qayıtdıqdan sonra aylar əvvəl olmuş hadisəyə istinadən təqib olmalı idi. Bunlarsa mövcud deyil.

Bu faktları yoxlayaraq bu qənaətə gəlmək mümkündür ki, birinci keysdə barəsində bəhs edilən şəxsin danışdıqlarında əminlik yoxdur, daha detallı araşdırmaya ehtiyyac var. İkinci keysdə isə, müraciətçinin iqtisadi miqrant olması ehtimalı böyükdür.
«Əsas vəkil tapmaqdır. Mən yaxşı vəkil tapmışam, o həll edəcək!»
Mən hüquq müdafiəsi sahəsində 2013-cü ildən etibarən işləyirəm. İlk başda siyasi məhbuslarla bağlı işlərdə işləmişəm. Hesabatların və digər sənədlərin tərtibi, monitorinqlərin aparılması əsas başlıca istiqamətlərdən olub. İşimlə bağlı vəkillərlə də kifayət qədər ünsiyyətdə olmuşam. Məşğul olduğum sahə isə eynilə media işçiləri, bloggerlər, jurnalistlər, həmçinin vəkillərlə də olduğu kimi informasiyanın alınması, emalı və təqdimatı formulasından ibarətdir. Bu səbəbdən də siz informasiyanı təqdim etmirsinizsə və ya edə bilmirsinizsə, bu halda onun emalı və təqdimatı da mümkün deyil.
Həmçinin, qanunvericiliyin digər tələbini də diqqətinizə çatdırım. Asylsuchende statusu daşıyan və ya dözümlülük göstərilsn şəxslər Almaniya Federativ Respublikası ərazisində sərbəst hərəkət edə bilməz, buna Residenzpflicht deyilir. Bu statusu daşıyan şəxslərin hərəkəti federal torpaqlar ilə məhdudlaşdırılır. Bəzi istisnalar təbii ki var. Brandenburg və ya Berlində yaşaması müəyyən edilən şəxslər, bu iki federal torpaq ərazisində serbəst hərəkət edə bilərlər. Eyni qayda Bremen və ya Niedersachsen (Aşağı Saksoniya) ərazilərinə aiddir və hər iki federal torpaqda yaşayışı müəyyən edilən şəxslər bu iki federal torpaq arasında sərbəst hərəkət edə bilər. Bu qaydanı ilk dəfə pozan şəxslər 2500 EUR məbləğə qədər cərimələnə, təkrarlanarsa 1 ilədək həbslə cəzalandırıla bilər (§ 85-86, AsylG). Digər federal torpaqlara səfər etmək lazım olarsa, bununla bağlı rəsmi olaraq dövlət orqanlarından icazə alınmalıdır (§ 56 AsylG). Bunun üçün çox ciddi səbəblər olmalıdır, ancaq rəsmi orqanlar, hüquqi məsləhətləşmələr və s. hallar üçün federal torpağın hüdudlarını tərk etməyə icazə verilir. Bununla yanaşı qeyd edim ki, müraciətinizdən 3 ay sonra bu məhdudiyyət tam və ta qismən arada qaldırıla bilər, ancaq gələcəkdə barənizdə deportasiya qərarı verilərsə, yenidən tətbiq ediləcəkdir (§ 59b AsylG).
İmtina cavabı verildikdən sonra nə baş verir? Alman qanunları dinamik şəkildə dəyişkəndir, müxtəlif dövrlərdə müxtəlif qaydalar mövzud ola bilər. Ümumi mənzərə bundan ibarətdir ki, sizə məktub gəlir və məktubda sizə imtina cavabı ətraflı şəkildə izah edilir. İzahda, bu imtinanın niyə verilməsi, Alman dövlətinin geri göndəriləcəyiniz halda vətəndaşı olduğunuz ölkədə sizi nə gözlədiyi ilə bağlı təxminləri, hüquq və vəzifələriniz izah edilir. İmtinadan şikayət edə bilərsiniz, məktubda bunun üçün nəzərdə tutulan ünvan və müddət qeyd edilir. Müddət 7-14 gün arası dəyişir. Şikayəti vaxtında verməyiniz vacibdir, əks halda məcburi şəkildə ölkə sərhədlərindən qovulacaqsınız.
İmtina cavabı verilməsinə baxmayaraq, bəzi hallarda əcnəbinin deportasiyası mümkün olmur. Bu halda şəxs Aussetzung der abschiebung duldung statusu qazanır və ona müvafiq sənəd təqdim olunur. Sənədin üzərində göstərilən tarixə qədər Almaniyada yaşamanıza «dözümlülük (və ya tolerantlıq) göstərilməsi» əsasında icazəni bildirən qeyd olunur və bu kimiyinizi ifadə edən sənəddir. Yəni § 60a Aufenthaltsgesetz (AufenthG)‘ya əsasən deportasiya mümkün olmadıqda əcnəbinin Almaniyada qanuni əsaslarda yaşamasını göstərmək və şəxsiyyətinin müəyyən olunması üçün istifadə olunur. Sənəddə göstərilən tarix, sizin məhz həmin tarixdə deportasiya olunacağınızı bildirmir. Sənədlərinizi və müraciətinizi araşdıran müvafiq dövlət qurumları müraciətçinin sənədlərində və ya qaranlıq qalan digər məqamlara aydınlıq gətirdikdən sonra deportasiya edə bilər. Misal üçün hazırda iyun ayıdır, sizə bu sənəd təqdim olunub və sənədin etibarlılıq müddəti sentyabr ayında bitir. Əyər Almaniya tərəfi qaranlıq qalan məqamlara aydınlıq gətirərsə və ya sənədləriniz qaydasına düşərsə, yaxud ki, deportasiyanıza maneə olan digər amillər aradan qalxarsa, sizi iyul və ya avqust ayında da deportasiya edə bilər.
§ 25 AufenthG əsasən səhhətində problemləri olan, bu səbəbdən vətəndaşı olduğu ölkədə müəlicə ala və ya əməliyyat oluna bilməyən şəxs(lər) Almaniya Federativ Respublikası ərazisində yaşayış icazəsi ala bilər. Humanitar və ümumbəşəri dəyərlər səbəbilə verilən bu icazə yalnız müəyyən hallarda verilir.
Asyl statusu almış şəxs yaşayış icazəsi aldıqdan və statusu tanındıqdan sonra federal torpağı tərk edib, özü müstəqil şəkildə yeni yaşayış yeri seçə bilərmi?
Bəli, bu mümkündür. Ancaq bunun üçün 3 il müddət gözlənilməli, daha sonra yaşayış yeri dəyişdirilə bilər (§ 12a AufenthG). Xüsusi hallarda bu məhdudiyyət aradan qaldırılması mümkündür (məsələn iş və s.).
Siyasi və digər səbəblərdən mühacirətdə olan şəxs, ailəsini yanına gətirə bilərmi?
Bəli, bu mümkündür. Alman qanunvericiliyi Familienzusammenfuehrung, yəni ailə birləşməsi hüququnu miqrantlara və digərlərinə tanıyır. Bunun üçün nə tələb olunur? Sözügedən hüquqdan yararlanmaq üçün Almaniya Federativ Respublikası ərazisində yaşayan şəxsin daimi və ya müddətli yaşayış icazəsi, bu yaşayış icazəsi əsasında alınmış Aufenthaltserlaubnis, Niederlassungserlaubnis və ya EU Mobiler-ICT-Karte sahib olmalıdır. Sözügedən tələblərin hamısı § 28 Aufenthaltsgesetz (AufenthG) öz əksini tapıb.
Siyasi və digər səbəblərdən qaçqın statusu almış şəxs hara və necə səfər edə bilər?
Bunun üçün iki yol var. Birincisi Almaniya Federativ Respublikası tərəfindən verilən səyahət sənədi əsasında mümkündür. Səyahət sənədi iki növdə verilə bilər. Birinci əcnəbilərə verilən Ausländer Reisweise və ikinci 1951-ci il Qaçqınlarla bağlı konvensiya əsasında sizə verilən səyahət sənədidir. Hər iki sənədin verilmə səbəbi statusundan asılı olmayaraq əcnəbinin vətəndaşı olduğu ölkənin Almaniyadakı səfirliyi və ya öz ölkəsindən hər hansısa digər yollarla səyahət sənədi ala bilməməsidir.
Ausländer Reiseausweis almaq üçün aşağıdakılar tələb olunur:
Bundesdruckerei GmbH əsasən çəkilmiş biometrik şəkil
— Daha əvvəlki səyahət sənədi (varsa)
— Yaşayışın yerini təsdiq edə biləcək sənəd (icarə müqaviləsi və ya Anmeldung der Wohnung) Səyahət sənədi
12 yaşa qədər şəxslərə 6 və 12 yaşına qədər;
24 yaşa qədər şəxslərə maksimum 6 ilə qədər;
24 yaşdan yuxarı isə maksimum 10 ilə qədər
verilə bilər
Bunun üçün rüsum tələb olunurmu?
Bəli, bunun üçün rüsum ödəməlisiniz. § 23 Abs. 4 AufenthG əsasən qaçqın və ya xüsusi müdafiə olunan şəxslər reisweise aldıqda 12 yaşdan kiçik şəxslər 14 EUR, 12-18 yaş arası 26 EUR, 18-24 yaş arası şəxslər 38 EUR və 24 yaşdan böyük şəxslər 60 EURödəniş etməlidir.
Siyasi qaçqın statusu almış şəxs vətəndaşı olduğu ölkəyə səyahəti ilə bağlı Alman qanunvericiliyini mövqeyi nədir?
Bununla bağlı bir başa hüquqi nizamlama yoxdur. Qanunvericilikdə siyasi qaçqın statusuna malik şəxsin vətəndaşı olduğu ölkəyə gedə bilməsi, əyər gedə bilərsə bununla bağlı məhdudiyyətlər və ya tamamilə qadağa ilə bağlı hər hansısa maddə mövcud deyil.
Ancaq buna baxmayaraq, belə bir addımın atılması tövsiyə olunmur. Qaçqın, vətəndaşı olduğu ölkədə sistematik şəkildə milliyəti, dini inancları, cinsi orientasiyası, siyasi baxışları səbəbilə təqibə məruz qalan, mərkəzi hakimiyyətin isə vətəndaşını qoruya bilməməsi və ya bir başa bu pozuntuların mənbəyi kimi çıxış etməsi səbəbilə sığınmış şəxsdir. Şayəd əyər şəxs hazırda və ya daha əvvəllər təqibə məruzə qaldığını iddia etdiyi ölkəyə gedib gəlirsə, deməli bu statusun verilməsi şərtləri mövcud deyil.