Lakin Dağlıq Qarabağ və Azərbaycan höküməti arasında əldə olunmuş razılıq 1920-ci ilin əvvəlində Azərbaycan tərəfindən pozulur. 16 mart tarixində Ermənistan Naxçıvan ərazisindəki Böyük Vedi, Civa, Ağura və Ordubada, 22 mart tairxində isə Qarabağda Əsgərana hücumlar olur. Əsgəranda vəziyyətin qarışmasından sonra 22 mart tarixində Xəlil Paşa və Azərbaycana məxsus ordu Şuşaya daxil olur, şəhər bombardmana, çoxsaylı dağıntılara məruz qalır. Gərginlik 23 martda Gəncə və trafında da yaşanır, yerli erməni və müsəlman əhalisi arasında toqquşmalar baş verir. Müxtəlif hesablamalara əsasən 30 min yaxın insanın (əksərən ermənilər olmaqla) həlak olması ilə nəticələnən bu hadisədən sonra Dağlıq Qarabağ erməniləri 23-29 aprel tarixləri arasında IX Qurultay keçirir, qurultayın nəticələrinə görə Azərbaycanın əldə olunmuş razılığı pozması və bu səbəbdən də birmənalı olaraq DQ-ın Ermənistan ərazisi kimi tanınması elan edilir. Lakin, qurultayın keçirildiyi son günlərdə və daha sonra artıq Azərbaycanda Sovet hakimiyyəti qurulmuşdu. Dolayısı ilə Sovet Rusiyasının nəzərində Azərbaycan fəhlə-kəndli hakimiyyətinin, Ermənistan isə əks inqilabçıların hakimiyyətin əlində olan ölkə kimi görünürdü, bu səbəbdən də İosif Stalinin Orconikidzeyə yolladığı teleqramda Zaqafqaziya Sovet hakimiyyətini möhkəmləndirmək və genişlnədirmək məqsədilə Ermənistan və Azərbaycan arasında mübahisəli bütün ərazilərin Azərbaycan ərazisində qalmasını məqsədəuyğun hesab etdiyi deyilir (ЦГАОР СССР, ф. 130, оп. 4, д. 496, л. 144). Həmin dövrdə Osmanlı və Sovet Rusiyası rəhbərlikləri arasında yaxınlığın olması və bir birini müxtəlif sahələrə müdafiə etmələri də bu qərara müsbət təsir etmişdi. Misal üçün heç kimə sirr deyil ki, Nəriman Nərimanov Osmanlıya müharibə dövründə (Sevr müqaviləsinin şərtlərinə qarşı çıxılan və hazırki Türkiyənin sərhədlərini müəyyən edən “Qurtuluş savaşı” nəzərdə tutulur) ilkin olaraq 30 sistern neft, 2 sistern benzin, 8 sistern kerosin, daha sonra əlavə olaraq 62 sistern neft həcmində yardım göndərmiş, bununla yanaşı müharibə bitənədək Osmanlını neft və benzinlə təmin etmək öhdəliyini götürmüş, bundan sonra da Mustafa Kamalın Nərimanovdan borc olaraq xahiş etdiyi 500 kq qızılı və Moskvadan alınan 10 milyon qızıl pulu da Mustafa Kamala yollamışdı və demişdi “Bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdın tutacaq və tutmağa davam edəcəyik”. Əslində burda bəhs edilən “qardaşlıq” etno-kulturoloji mənada qardaşlığı deyil, məhz anti imperialistik mübarizədə olan qardaşlığı özündə ehtiva etmişdir.

Vladimir İliç Leninin Bakıya yolladığı məktublarda dəfələrlə Bakının vacibliyi qeyd olunur, bu məqsədlə də 27 aprel tarixində XI Qızıl Ordunun dövlət sərhəddini pozaraq Bakıya yeriməsi və Bakı-Yalama əməliyyatını tamamlaması əmri verilir. Həmin dövrdə Azərbaycan ordusunun əksər bölükləri Gəncə, Qarabağ, Zəngəzur və Naxçıvan ərazilərində Ermənistan və Dağlıq Qarabağ ilə mübarizə apardıqlarından, Bakı de fakto müdafiəsiz qalmışdı, bu səbəbdən də 28 aprel tarixində Azərbaycan Respublikasında Müsavat hakimiyyəti devrilir və Azərbaycan Kommunist partiyasının hakimiyyətə gəlməsilə Azərbaycan İctimai Şura Cümhuriyyəti elan edilir. Yeni hökümət Ermənistana qarşı ultimatium yollayaraq, Ermənistan ordusunun dərhal Zəngəzur və Qarabağ ərazisini tərk etmələri haqqında məktub yollayır.

Bununla yanaşı, 26 may tarixində Dağlıq Qarabağ ermənilərinin X Qurultayı ərazinin Sovetləşməsinə razı olduğunu, mübahisəli ərazinin gələcək taleyinin məhz Sovetlər tərəfindən müəyyən edilməsinə etirazı olmadığını bəyan edir. Keçmiş hökümətə tabe olmuş ordu gücləri ölkənin Qərbində cəmləşdiklərindən Azərbaycanın qərb ərazilərində Sovet qoşunları və əks inqilabçı ordu arasında toqquşmalar may ayında Gəncə, Qarabağ, Naxçıvan və Zəngəzur kimi ərazilərdə davam edir. Çiçerinin Orconikidzeyə yolladığı 9 iyul 1920-ci il tarxli məktubunda da, Zəngəzur, Qarabağ və Naxçıvanın Ermənistana verilməsinin məqsədəğuyun olmaması, bunun Bakıda Sovet hakimiyyətinin devrilməsi ilə nəticələnə biləcəyi xəbərlərinin Moskvaya yollanması qeyd olunmuşdur (ЦПА ИМЛ, ф. 64, оп. 2, д. 5, л. 19).

19 iyul 1920-ci il tarixli Qarabağ İnqilabi Komitəsinin rəhbəri Əsəd Qarayev Qoris Uyezd İnqilabi Komitəsinə ünvanladığı məktubda heç bir halda silahdan istifadə etməməyi, bunun əvəzinə maliyyə yardımları, dolayısı ilə yerli əhalini ərzaq və maliyyə yardımları ilə ələ almağı tövsiyyə edir. Qarabağın və Zəngəzurun Azərbaycana birləşdirilməsi məqsədilə həmin dövrdə 200 milyon manat vəait ayrılmışdı (ЦПА ИМЛ, ф. 64, оп. I, д. 10, л. 9—10). Həmin ərəfədə Sovet Rusiyasının Pesiyada (Qacar İmperiyasında) Sovet hakimiyyətinin qurma cəhdlərinin olması, Osmanlıda Gənc Türklər ilə olan yaxınlıq səbəbilə məcburi qaydada Azərbaycan və bu ölkənin müsəlman əhalisini qıcıqlandırası addımlar atmaqdan çəkinirdi (Киров С. М. Указ. соч., с. 231). İyul ayında Naxçıvan ərazisinə Qızıl Ordu daxil olur və 28 iyul 1920-ci il tarixində Naxçıvan İctimai Şura Cümhuriyyəti elan olunur. Naxçıvan İnqilab Komitəsinə Qadımov, Baktaşev, Babayev, Mahmudbəyov və digərləri üzv seçilir. Sovet Rusiyası Naxçıvan ilə Ermənistan arasında danışıqların baş tutması tələbini irəli sürsə də, Ermənistan bu tələbə rədd cavabı verərək, Naxçıvanın Ermənistana aid olduğunu bəyan edir.

Bir çox təzyiqlərdən sonra və Ermənistanın çıxılmaz vəziyyətdə qalması səbəbilə 10 avqust tarixində Ermənistan məcburi qaydada Sovet Rusiyası ilə razılığa gələrək, ərazinin Sovetləşməsini qəbul edir, Dağlıq Qarabağ, Zəngəzur və Naxçıvana RSFSR ordusunun yerləşməsilə rəsmi olaraq razılaşır. Lakin imzalanmış sənədlərdə ərazinin mövqeyi – yəni Azərbaycana, Ermənistana və ya müstəqil olaraq mövcudluğu haqqında sükutla keçilir. Buna baxmayaraq 10 avqust tairixində Naxçıvan İctimai Şura Cümhuriyyəti İnqilab Komitəsinin rəhbəri Baktaşev Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nərimanova məktub yazaraq, Naxçıvanı Azərbaycanın ayrılmaz hisəssi olduğunu bəyan edir. Osmanlı və Sovet Rusiyasının yaxınlaşması və Azərbaycan İctimai Şura Cümhuriyyətinin bu yaxınlaşmadan istifadə etməsinə digər səbəb həm də 10 avqust 1920-ci ildə imzalanmış Sevr müqaviləsi olmuşdur. Belə ki, Sevr müqaviləsinə əsasən müəyyən olunmuş sərhədlərə baxsaq görürük ki, hazırda Azərbaycanın bilavasitə nəzarətində olan Naxçıvan, eləcə də Türkiyənin Erzurum, Bitlis, Van kimi əraziləri məhz Ermənistan nəzarətinə verilməsi nəzərdə tutulub. Bununla yanaşı, Azərbaycan Respublikasının 1920-ci ildə Paris Sülh Konfransında təqdim etdiyi xəritələrdə göstərilən, lakin Bakıdakı mərkəzi hökümətin idarəçiliyində olmayan (yəni sadəcə iddia edilən) ərazilər – Qars, Iğdır, Ərdəhan da Ermənistana verilməsi nəzərdə tutulur. Türkiyə və Ermənistan rəhbərliyi isə sərhədyanı mübahisəli ərazilərin həllini məhz ABŞ prezidenti Vudro Vilsona həvalə etmə öhdəliyini öz üzərilərinə götürürlər. Lakin, buna qarşılıq ümumilikdə Qarabağ və Zəngəzur zonası tamamilə Azərbaycan ərazisində göstərilir. Bununla yanaşı, müqaviləyə əsasən Azərbaycan, Ermənistan və Gürcüstan mübahisəli əraziləri birbaşa danışıqlar yolu ilə nizamlanmasını, mümkün olmadıqda isə məhz müttəfiq dövlətlərin iştirakı ilə (Rusiya, Birləşmiş Krallıq və Fransa) bunu məsələni həll etməsi nəzərdə tutulur. Sevr müqaviləsinə əsasən həmçinin Kürdüstanın yaradılması planlaşdırılır, bununla yanaşı bəzi ərazilərin Yunanıstana (elə burdan da Kipr düyünü başlayır), İtaliyaya, Fransa, Birləşmiş Krallığa verilməsi nəzərdə tutulur. Dolayısı ilə bu müqavilə Osmanlının tamamilə məhv edilməsi, Səlcuqlar və Osmanlı İmperiyaları zamanında əldə olunmuş ərazilərin mütləq əksəriyyətinin itirilməsinə hesablanmışdı.

Əlbəttə ki, həmin dövrdə Azərbaycan Kommunist (bolşevik) Partiyası rəhbərliyinin, eləcə də Nəriman Nərimamovun bütün bunlardan xəbəri vardı, sonrakı hadisələr də onu göstərir ki, Nəriman Nərimanov çox yüksək intellektə sahib, əvəzedilməz siyasi xadim olmuşdur. Sözügedən dövrdə siyasi vəziyyəti anlamaq üçün kiçik izahat verim:

— Ermənistan ərazisində hakimiyyət daşnaklarda, dolayısı ilə anti Sovet əhval ruhiyyəli, Sovet Rusiyasının maraqlarına ziddiyyəti olan vəziyyətdə idi; üstəlik Sevr müqaviləsi Böyük Ermənistanın qurulması və ABŞ təsirində olacaq ölkə mənasına gəlirdi. Bu da gələcəkdə Sovet Rusiyasının Ermənistanı Sovetləşdirməsi üçün ən böyük çətinliklərdən olacaqdı.

— Azərbaycanda Sovet hakimiyyəti qurulmuşdu, Rusiya və Qafqaz azərbaycanlıları arasında olan münasibət daha əvvəllər bəhs etdiyim 1900-cü illərin əvvəlində yeni qubernator təyin olunması ilə isinməyə başladığı dövrdəkinə bənzəyirdi. Azərbaycanın Sovet rəhbərliyi ilə Sovet Rusiyası arasında münasibətlər orta səviyyədə idi. Sovet Rusiyasının məlum səbəblərdən Ermənistan ilə az qala düşmən səviyyədə münasibətdə olmaları da Sovet Azərbaycanı ilə Rusiyanı yaxınlaşdırırdı.

— Osmanlıda isə artıq faktiki dövlət olaraq mövcudluğuna son qoyulmuşdu. Lakin “Gənc Türklər” adlanan təşkilat bu müqavilənin şərtləri ilə razılaşmırdılar. Elə bu səbəbdən də Sevr müqaviləsinin müdəaları ilə razılaşmadıqlarını elan edərək, silahlı mübarizəyə başlayırlar. Əyər Osmanlı açıq bir siyasətlə Qafqaza iddialar irəli sürürdüsə və Azərbaycanda Müsavat hakimiyyətinə qarşı isti olmasa belə, heç olmasa göz yumurdularsa, “Gənc Türklər” əvvəlkilərin səhvlərini təkrar etmirdilər. Gənc Türklər açıq aydın Müsavat hakimiyyətini tənqid edir, onları “ingilis nökərləri” adlandırırdı:

“Bizim işarəmiz, təsirimiz və xidmətimiz sayəsində XI Ordu asanlıqla Azərbaycana daxil oldu və azərbaycanlılar da bu ordunu “sükutla qəbul etdi”. İngilislərin mütəmadi cəhdləri və provokasiyalarının nəticəsi olaraq ingilislərə köləlik etməkdən zövq alan Azərbaycan Müsavat hökuməti erməni və gürcülərin də dəstəyi ilə Gəncədə bolşeviklərə qarşı üsyan başladı” (TBMM D. İ. C. 3, 48, içtima, S. 217/224, 14. 8. 1920). Elə məhz Gənc Türklərin içindən çıxmış Atatürk də, daha sonrakı illərdə Rəsulzadənin Türkiyəyə girişinə qadağanı imzalamışdı. Habelə 9 may 1935-ci ildə TBMM-dəki çıxışında “Sovetlərlə dostluğumuz, hər zamanki kimi sağlamdır və içtəndir. Qara günlərimizdən qalan bu dostluq bağını, Türk ulusu unudulmayacaq dəyərli bir xatirə bilir. Sovetlər, cumhuriyyətimizin onuncu yılında, yüksək nümayəndə heyəti ilə, şənliklərimizdə hazır bulundular” deyə nitq söyləmişdi. Bu da öz növbəsində Sovet Rusiyası ilə Türkiyənin qurucularını yaxınlaşdıran amil idi. Bununla yanaşı, məhz bu yaxınlıq səbəbilə, Osmanlı hərbi birləşmələri Kazım Qarabəkir Paşa komandanlığında Naxçıvana və Zəngəzura qoşun yerirmiş olur. Məqsəd Ermənistanın Naxçıvana və Zəngəzura müdaxiləsinin qarşısını almaq olmuşdur, özü özlüyündə Gənc Türklərdən bu cür jestin olması, bu jestin Zəngəzur və Naxçıvanın da Sovetləşdirilməsinə tövhəsini verməsi iki ölkə arasında münasibətlərə müsbət təsir göstərmişdir.

Millətlər Liqası, həmin dövrdə Azərbaycan adlı yeni yaranan dövləti bu cür səciyyələndirir:

«Millətlər Liqasının Azərbaycan Demokratik Respublikasının üzvlüyü ilə bağlı memorandumu

Baş katibin memorandumu

Baş katibə ünvanlanmış 1 noyabr 1920 tarixli məktubda Millətlər Liqası Assambleyasına Azərbaycan Respublikasının Millətlər Liqasına üzvlüyü tələb edilir. Bu məktubda bir il müddətində Parisdə davam edən sülh konfransında iştirak edən azərbaycanlı dekeqasiya tərəfindən göndərilib. Hal hazırda Cenevrədə olan deleqasiya üzvləri bildirir ki, onların sahib olduğu mandat, bu ilin aprelindən iqtidarda olan hakimiyyət tərəfindən verilib. Bu hakimiyyətin formalaşmasından əvvəl baş verənlər barədə şəraiti qısa da olsa xatırlamaq faydalı olar.

Azərbaycan dövlətinin yaranması

Zaqafqaziya ərazisində yaranan Azərbaycan Respublikası, daha əvvəl Rusiya vilayətlərinə daxil olan Bakı və Yelizavetpol quberniyaları ərazisi olub. Bu ərazi Xəzərin qırağında olub, şərq sərhədlərini də təşkil edir. Onun şimal sərhədləri Dağıstan vilayətindən keçir, şimal şərqdə ümumi Şimali Qafqaz ilə, qərbdə Gürcüstan və Ermənistan, cənubda isə İran ilədir. Əhalisi, sonuncu Rusiya statistik göstəricilərinə görə 4.615.000 nəfərdir, bunlardan 3.482.000 müsəlman və tatar, 795.000 erməni, 26.580 gürcü, həmçinin azlıq olan rus, alman və yahudilərdir. Maraqlıdır ki, əhatə edən 40 min kvadrat mil ərazi, daha əvvəl heç vaxt dövlət olaraq mövcud olmayıb, Monqol, Persiya və 1813-cü ildən Rusiya İmperiyası kimi, daha böyük dövlətlərin ərazisində olub. Yeni yaranmış respublika üçün seçilən «Azərbaycan» adı isə qonşuluqda yerləşən və Persiya vilayətlərindən birinin adıdır. 

Birinci mərhələ: federasiya dövrü

1917-ci ilin oktyabrında Rusiyanın Qafqazda hakimiyyətini itirməsilə, bu əyalərin sakinləri — Azərbaycan tatarları, gürcülər və ermənilər birləşərək, federal nümayəndələr palatası və ümumi höküməti olan Federativ Respublika yaradırlar. Ciddi fikirlər ayrılıqları səbəbilə 1918-ci ilin 26 may tarixində parlamentin yerləşdiyi Tiflis şəhərində Zaqafqaziya Federasiyası ləğv edilir. 

İkinci mərhələ: müstəqillik dövrü

28 may tarixində Tiflisdə Azərbaycan Respublikası elan edilir. Hökümətin başçısı Fətəli Xan Xoyski təyin olunur; həmçinin, keçmiş federal palata üzvü olan müsəlmanlar, müsəlman şurası üzvləri ilə birlikdə müvəqqəti parlamenti formalaşdırır. Yeni respublikanın bu qaydada formalaşdırılan höküməti Tiflisdən öz ərazisinə köçürülür, lakin, 14 sentyabr 1918-ci ilədək Bakıdan alman-türk qoşunlarının bolşeviklərin sıxışdırıb çıxarmasına qədər paytaxtına daxil ola bilməyib. Son nəticə etibarilə isə ümumxalq səsverməsi ilə 120 nəfərlik parlament qurulur, icra hakimiyyəti isə Bakı bölgəsində tanınmış şəxslərdən ibarət nazirliklərə verilib. 

7 noyabr 1918-ci ildə Müttəfiq və Assosiasiya olunmuş Dövlətlərin nümayəndəsi və Britaniya ordusunun komandanı general Tomson Bakıya daxil olub. Görünən odur ki, general Tomson hakimiyyətdə olan iqtidarı sadəcəyerli hökümət kimi qəbul edib. O, rəsmi olaraq bildirib ki, bu ərazini rus hökümətinin razılığı və Rusiyanın bu vilayətə hər hansısa iddiasının mübahisələndirilərək qəbul edilməyəcəyi əsası ilə işğal edir. Buna baxmayaraq, 28 dekabr 1918-ci il tarixində general Tomson, bundan belə tək və daimi olaraq yerli hakimiyyət məhz Azərbaycan Respublikasının hakimiyyəti olacaqdır və müttəfiqlər ona yardım edəcəkdir. Respublikanın konstitusiyasına gəldikdə isə, bu həm işğal zamanı, istərsə də işğaldan sonra bir qədər qeyri müəyyəndir. 

Azərbaycan hakimiyyəti Parisdə Sülh Konfransında təmsil olunub və 12 yanvar 1920-ci ildə Ermənistan və Gürcüstan ilə birlikdə Ali Məclis tərəfindən de fakto olaraq tanınıb. Lakin diqqət etmək lazımdır ki, ABŞ hökuməti bu tanınmaya qoşulmayıb. 

Üçüncü mərhələ: hökümətin buraxılması

25 aprel 1920-ci ildə Bakıda bolşevik etirazları başlayır və bu səbəbdən də Azərbaycan Respublikası hökümətini tədbirlər görməyə vadar edir. İnqilabçı qüvvələrin əlinə keçən bəzi hakimiyyət nümayəndələri edam edilir. Azərbaycan Respublikası ordusu isə dağınıq hala düşür. 

Hal hazırda Cenevrədə olaraq nümayəndə heyətinin alınan məlumatlara görə, ərazidən keçən dəmiryolu xətləri Yelizavetpol və Gürcüstan sərhəddi arasında olan hissə istisna olmaqla, hələ də bolşeviklərin əlindədir. İşğal edilməmiş ərazinin əhəmiyyətli hissəsinə Azərbaycan Respublikası hökümətinin nəzarətindədir, hökümət idarələrinin bir hissəsi Yelizavetpolda olsa da, bir hissəsi Tiflisə mühacirət edib. Belə təəssürat yaranır ki, ordu dağılıb. Bəzi hərbi hissələr şimal hissədə, difər hissə isə cənubdadır. 

Gürcüstan ilə əlaqələr saxlansa da, Azərbaycan Respublikasının pers və erməni qonşuları ilə əlaqəsi Xəzəryanı bölgənin işğalı və kemalistlərin işğalçılıq yürüyüşləri səbəbilə kəsilmişdir. Nəticədə, Azərbaycan Respublikası hazırda neft çıxarılması, Xəzəryanı bölgədə balıqçılıq və tranzit ticarətdən məhrum olub. Dövlətin idarəçiliyi qeyri stabil vasitələrlə mümkündür, onun nəzarətedici və icraedici orqanları isə, hal hazırda özü belə buraxılmış mərkəzi hakimiyyətlə çətinliklə əlaqə saxlaya bilir.

Hüquqi müşahidələr

Millətlər Liqasına üzv qəbul Nizamnamənin 1-ci maddəsinə əksini tapıb, hansı ki deyir:

«Liqanın üzvləri, bu nizamnaməni ilk olaraq imzalayan və nizamnamədə adı əksini tapan, həmçinin, mübahis şəkildə bu nizamnaməyə qoşulan və adları qeyd edilən dövlətlərdir.

Bu qoşulma, Deklarasiya vasitəsilə, nizamnamənin qüvvəyə minməsinə iki ay qalmış sekretar tərəfindən təqdim edilməlidir. Bu haqda məlumatlandırma bütün üzv dövlətlərə göndərilməlidir.»

«Nizamnamədə qeyd edilməmiş özünü tam idarə edən istənilən dövlət, dominion və ya koloniya, özlərinin öhdəsinə götürdükləri beynəlxalq öhdəlikləri səmimi yerinə yetirəcəyinə təminat və Liqa tərəfindən imzalanan quru, hərbi hava və hərbi dəniz donanmaları ilə bağlı qaydaları qəbul edəcəkləri və Assambleya üzvü olan dövlətlərin 3/2 səs çoxluğu ilə qəbul edilə bilər.»

«İstənilən Liqa üzvü olan dövlət, Liqa tərk etmə zamanı qüvvədə olan Nizamnamədə əks etdirilmiş öhdəliklərini və beynəlxalq öhdəliklərini bütünlüklə icra etmək şərti və iki il əvvəlcədən bu haqda məlumatlandırmaq surətiylə tərk edə bilər».

Azərbaycan sülhməramlı nümayəndə heyətinin Millətlər Liqasına üzvlüklə bağlı müraciəti, sırf hüquqi cəhətdən iki məsələnin Assambleya tərəfindən qaldırılmasını vacib edir. Azərbaycanın ərazisi daha əvvəl Rusiya İmperiyasının ərazisinə aid olub; bu halda sual yaranır: Azərbaycanın 1918-ci ilin mayında müstəqillik deklarasiyası qəbul etməsi, onun müttəfiq dövlətlərin onu de yure olaraq Millətlər Liqasının nizamnaməsinin birinci maddəsində əks olunan «özünü tam idarə edən dövlət» kimi tanıması, tələblər üçün yetərlidirmi? Bununla bağlı qeyd etmək lazımdır ki, bu tanınmanı da ancaq Azərbaycan deleqasiyası, onun Böyük Britaniya, İtaliya, Fransa və Yaponiya tərəfindən tanınmasını iddia edir, hansı ABŞ tanınmadan imtina edib. 

Əyər Assambleya Azərbaycanın beynəlxalq statusunu «özünü tam idarə edən dövlət» kimi tanımış olsa, bu haqda digər sual yaranır: bu müraciəti edən deleqasiya belə bir müraciətin edilməsi üçün qanuni hökümət tərəfindən səlahiyyətləndirilmiş hesab oluna, Millətlər Liqasına üzvlüklə bağlı öz üzərinə beynəlxalq öhdəliklər götürərək, onu icra edə biləcəkmi?

Komitə bu qərara gəlir ki, onun müraciəti tamamilə qanuni olsa da, Azərbaycanın qanuni hakimiyyətinin öz səlahiyyətlərini icra etdiyi ərazinin sərhədlərinin dəqiq müəyyənləşdirilməsi mümkün deyil. Qonşu dövlətlərlə ərazi mübahisələrinin olması səbəbilə onun sərhədlərinin müəyyən olunması da mümkün deyil. Azərbaycanın Millətlər Liqasına üzv qəbul edilməsi bu nizamnaməyə uyğun olaraq mümkün deyil. (Принятие Азербайджана в Лигу Наций, Меморандум Генерального Секретаря (Ноябрь 1920г, 20/48/108).

Bu qərar artıq de fakto hakimiyyətini itirmiş Müsavat hakimiyyəti tərəfindən etirazla qarşılanır və həmin vaxt Cenevrədə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan Bəy Topçubaşov bu məktubu yazır:

Millətlər Liqası. Azərbaycan Respublikası Sülhməramlı Nümayəndə Heyəti rəhbərinin məktubu.

Millətlər Liqası Birinci Assambleyasının rəhbəri Pol Himas cənablarına. 

Cənab Himas, 

1 dekabr tarixində Millətlər Liqası Assambleyası tərəfindən seçilən V komitə Azərbaycan Respublikasının Millətlər Liqasına üzv ola bilməyəcəyi qənaətinə gəlib. 

Bu qərar, 17 saylı jurnalın 139-cu səhifəsində də göstərildiyi kimi, bu faktlara əsasəndir:

  1. Hakimiyyətin öz səlahiyyətlərini icra etdiyi sərhədləri dəqiq müəyyən etmək çətindir.
  2. Qonşu ölkələr ilə ərazi problemləri olması səbəbilə indiki dəqiq sərhədləri müəyyən etmək çətindir.

Komitə də bu şərtlərdə Azərbaycanın Millətlər Liqasına üzv olmasına Nizamnamə imkan vermir. İcazə verin Azərbaycan Respublikası nümayəndə heyəti adından , fürsətdən istifadə edərək sizin vasitənizlə Millətlər Liqasının nəzərinə V Komitə tərəfindən səsləndirilən fikirlərlə bağlı bu iki məqamla bildirim. 

I

Əvvəla komitə Azərbaycan Respublikası hökümətinin öz səlahiyyətlərini icra etdiyi sərhədləri müəyyən etməkdə çətinlik çəkməsinə istinad edir. Nümayəndə heyəti tam məsuliyyətilə bildirir ki, bu müvəqqəti xarakter daşıdığından, həlledici və ciddi olaraq məsələyə baxılmasında əks olunmamalıdır. 

Heç şübhəsiz ki, 28 aprel 1920-ci il tarixində rusiyalı bolşeviklərin işğalçı yürüyüşünə qədər Azərbaycanın qanuni hökuməti, Millətlər Liqası baş katibinə təqdim edilən xəritədə göstərilən sərhədlərdə heç bir istisnasız olaraq öz səlahiyyətlərini icra edib. Bu işğalçı yürüyüşdən sonra ərazinin bir hissəsi işğal olunub, bundan sonra Azərbaycan xalqı özünün Gəncəyə toplanmış höküməti ilə birlikdə, bolşeviklərə qarşı qanlı mübarizəyə başlayıb və sonuncular işğal etdikləri ərazilərdən bu səbəblə tədrici formada geri çəkilməyə başlayıb. Hal hazırda onlar yalnız Bakı və ətrafını, dəmiryolu xəttinin Hacıqabuldan keçən kiçik hissəsini nəzarətdə saxlayırlar. Yerdə qalan əraziləri, Bakı və Quba vilayətləri böyük hissəsi, Yelizavetpol quberniyası isə tamamilə mərkəzi, həmçinin bolşeviklər tərəfindən qovulmuş parlamenti və hərbi hissələrin bir hissəsinin yerləşdiyi Gəncədə olan Azərbaycan Respublikası höküməti nəzarətindədir. 

Bu Azərbaycan Respublikası ərazisinin hal hazırki sərhədlərinin 9/10 hissəsinə bərabərdir. Gəncədə yerləşən və Azərbaycan Respublikasının qanuni höküməti Millətlər Liqası nizamnaməsində göstərilən öhdəliklərini icra edəcəyinə dair bütün tələb olunan təminatı da verir. 

Nümayəndə heyəti tam məsuliyyəti ilə Millətlər Liqasına bildirir ki, Azərbaycan xalqının öz hökümətinin rəhbərliyi altında rus bolşevikləri ilə mübarizəsi, Bakı və ətrafının işğalçılardan azad olmasına qədər azalmayacaq əzm ilə davam edəcəkdir. 

Bizim xalqımız heç vaxt işğalçı  və qovulmalı olduğu hesab etdiyi bolşevizm ilə barışmayacaq.

Diqqət edilməlidir ki, bolşevizm kimi açıq təhdid təkcə Azərbaycan üzərində deyil, bütünlüklə Qafqaz üzərindədir. Bolşevizm bütünlüklə Şimali Qafqaz və Kuban, həmçinin bir neçə gün əvvəl Sovet respublikasının elan olunduğu qonşu Ermənistan üzərinə də çöküb. 

II

İkinci etiraz isə Azərbaycanın qonşuları olan Ermənistan və Gürcüstan ilə mübahisələrilə bağlıdır. Bununla bağlı nümayəndə heyəti məmnuniyyətlə bildirir ki, demək olar ki, elə bir dövlət tapmaq olmaz ki, onun sərhədləri tamamilə mübahisəsizdir. Əksinə, biz görürük ki, nəinki yeni yaranan dövlətlər, hətta yüzillərdir mövcud olan dövlətlərin belə sərhəd problemləri olub və var da. Lakin, bu onların öz ərazilərindəki suverenliyinin qəbuluna maneə olmur. Azərbaycan Respublikası ərazi bütövlüyünü qorumaq məqsədilə, istənilən Gürcüatan ilə Zaqatala okruqu, Ermənistan ilə isə Zəngəzur və Qarabağa müdaxilə edildiyinə görə konfliktə getməyə məcburdur. Bu ərazilər Azərbaycana aiddir və Azərbaycan höküməti tərəfindən idarə olunur. Qarabağ və Zəngəzur viləyətləri daha əvvəl Qafqazda müttəfiqlərin nümayəndəsinin Azərbaycan ərazisində saxlayıb. 

İstənilən halda, bu mübahisələr təkcə Azərbaycana deyil, bu mübahisələri yaradan onun qonşularına da aiddir. Ancaq Azərbaycan Respublikası belə hesab edib ki, bu mübahisələr onların öz işidir və maraqlı hökümətlər bu mübahisələri qarşılıqlı güzəştlər əsasında həll edəcək. 

Əyər bütün bu ümidlər doğrulmursa və mübahisələr yerindəcə həll edilmirsə, bu halda üç Zaqafqaziya respublikası Millətlər Liqasına müraciət edəcək, bu Azərbaycan nümayəndə heyətinin çap etdirərək 1919-cu ilin sentyabrında Sülh Konfransında təqdim etdiyi siyasi memorandumun mətnində (Azərbaycan Respublikası, səhifə 44) və Azərbaycan Respublikasının Millətlər Liqasına üzvlüyü ilə bağlı baş katbin 108 saylı memorandumu ilə əlaqədar 25 noyabr 1920-ci ildə (№697) əlavələrin VII bəndində var. 

Nümayəndə heyəti tam əmindir ki, iki dəfə rus bolşeviklərinin işğalçı yürüyüşündən ziyan çəkmiş öz ölkəsinin həyati əhəmiyyətli maraqları naminə bütün Millətler Liqası ölkələrinə bildirir ki, Azərbaycan Respublikasının Millətlər Liqasına üzvlüyü, ona bolşevizm ilə mübarizəsində mənəvi dəstəyi verəcəkdir. O xalqa mənəvi dəstəyi ki, altı aydır tək başına, heç bir əcnəbi yardım olmadan Azərbaycanın müstəqilliyi uğrunda qanlı mübarizə aparır.

Ümid edirik ki, Azərbaycanın Millətlər Liqasına V Komitəsində üzvlüklə bağlı yuxarıda göstərilən məsələlərin müzakirəsi vaxtı bu mənəvi dəstək ilə bağlı xahiş, Assambleyada iştirak edən xalqların hörmətli nümayəndələri tərəfindən nəzərə alınacaqdır. 

Hörmətlə,

Azərbaycan Sülhməramlı Nümayəndə Heyətinin rəhbəri

Ə. Topçubaşov

Qayıdaq mövzuya. Vəziyyətin Azərbaycanın xeyrinə olmasından istifadə edən Nərimanov Ermənistan tərəfinin hiddət və qəzəbindən, eləcə də Ermənistan Sovet hakimiyyətilə Azərbaycan Sovet hakimiyyəti arasında münasibətlərin qorunması, habelə gələcəkdə olabiləcək Sovet Ermənistanında anti Sovet əhval ruhiyyəsinin baş qaldırmaması, Nərimanovun və ya Azərbaycanın bütünlükdə buna görə ittihamlarla qarşılaşmaması səbəbilə 30 noyabr tarixində Azərbaycan İnqilab Komitəsinin Ermənistan İnqilab Komitəsinə yolladığı Ermənistanda Sovet hakimiyyətinin qurulması ilə bağlı təbrik məktubunda (Xarici İşlər üzrə Xalq Komissarı Hüseynov və Azərbaycan Sovet İnqilabi Komitəsinin sədri Nərimanov adından) milli ixtilaflara son verdiyi Zəngəzur və Naxçıvanı Ermənistan ərazisi kimi tanıdığını, Qarabağın fəhlə-kəndli birliyinə isə öz müqəddəratını təyin etmə hüququnun tanındığını bildirir. («Коммунист», газета, Ереван, № 2, 7.XII.1920). Daha sonra 2 dekabr 1920-ci ildə Nəriman Nərimanov Azərbayan İnqilan Komitəsi adından bu qərarı elan edir. 4 dekabr 1920-ci il tarixində “Pravda” qəzetində Stalinin məsələyə münasibəti bildirilir və o da öz növbəsində mübahisəli ərazilərin qeyd şərtsiz Sovet Ermənistanına güzəşt edildiyindən xəbərdar olduğunu yazır («Правда», № 273, 4.ХII.1920). Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında dövrün bir çox mənbələrində də rast gəlinə bilər. Maraqlı məqam odur ki, Sovet Ermənistanı İnqilab Komitəsinin Sovet Azərbaycanının İnqilab Komitəsinə yolladığı 28 dekabr 1920-ci il tarixli teleqramda Naxçıvana qarşı iddialardan geri çəkildiyini qeyd etmişdir. Digər maraqlı məqam isə budur ki, dövrün qəzetlərinə və rəsmi mənbələrinə baxdıqda mənaca çox yaxın, mahiyyətcə isə çox fərqli bir təzadla qarşılaşırıq: Sovet Azərbaycanında çap edilən qəzetlərdə əyər Dağlıq Qarabağ ermənilərinə öz müqəddəratını təyin etmə hüququnun verilməsindən danışılırsa («Коммунист» от 2 декабря 1920 г; «Бакинский рабочий» от 3 декабря 1920 г.), Erivanda çap edilən qəzetlərdə Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsi yazılırdı («Коммунист» от 7 декабря 1920 г.). Əslində bu kiçik yanlış anlaşılma uzun illər müzakirə predmetinə çevriləcəkdi və ən sonda da Dağlıq Qarabağ konfliktinin predmetlərindən olacaqdı. Belə ki, təbrik teleqramını alan Ermənistan İnqilab Komitəsinin üzvü Mravyan, həmin vaxt Moskvada olan Ermənistan İnqilab Komitəsinin nümayəndəsi Ter-Qabrielyana Azərbaycanın Dağlıq Qarabağ, Zəngəzur və Naxçıvanı güzəşt etməsini bildirir (От члена Армянского революционного комитета (А. Мравяна) представителю Советской Армении Тер-Габриеляну. 04.01.1921 // Архив внешней политики Российской Федерации (далее — АВП РФ), ф. 04, оп. 39, п. 232, д. 53001, л. 14). Lakin həmin dövrdə RSFSR-in Erivandakı nümayəndəsi olan B.Leqran Sovet Rusiyasının bu üç ərazidən yalnız Zəngəzuru Sovet Ermənistanının ərazisi kimi tanıdığını qeyd etmişdi (Радиограмма Б. Леграна Г. Орджоникидзе. 02.12.1920 // Российский государственный архив социально-политической истории (далее — РГАСПИ), ф. 85, оп. 14, д. 33, л. 16). Sözügedən anlaşılmazlıq böyüməyə davam edir, ən son olaraq Nəriman Nərimanov Tiflisdə olan Azərbaycan Xarici İşlər üzrə Xalq Komissarının vasitəsilə Ermənistan İnqilab Komitəsinin Azərbaycan tərəfdən yollanılan teleqramı düzgün anlamadıqlarını, teleqramda Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə hüququnun olmasını qeyd etdiyini Rusiya Kommunist (b) Partiyası Qafqaz Bürosuna məlumat çatdırmışdır (К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР. Документы и материалы. Баку, 1989. С. 89). Habelə 4 noyabr 1920-ci il tarixində Azərbaycan Kommunist (b) Partiyası Siyasi Bürosunun (hansı ki Orconikidze və Stalin də iştirak edirdi) iclasında Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi məqsədəuyğun hesab olunmur. Lakin buna baxmayaraq Zəngəzurun Ermənistan ərazisinə təhvil verilməsi əslində 2 dekabr 1920-ci ildə Rusiya və Ermənistan arasında imzalanmış hərbi müqavilədə öz əksini tapmışdı (Муса И. Внешняя политика Азербайджана. Ч. II. Баку, 2010. С. 143 (на азерб. яз.). Bununla yanaşı 1920-ci ilin 4 dekabr tarixində Ermənistan Respublikası və Türkiyə arasında Aleksandropol (Gümrü) müqaviləsi imzalanır, müqavilənin şərtlərinə əsasən Sevr müqaviləsinə əsasən Ermənistana aid hesab edilən ərazilərə qarşı Ermənistan iddialarını geri çəkir, Türkiyə isə bölgənin gələcək taleyilə bağlı referendum öhdəliyini öz üzərinə götürmüş olur. Bununla yanaşı müqavilə şərtlərinə görə Zəngəzur və Naxçıvan üzərində Türkiyə protekraturası elan olunur. Müqavilənin imzalmanmasından bir neçə saat sonra Ermənistan rəhbrəliyi RSFSR ilə də müqavilə imzalayaraq, Ermənistan Sovet hakimiyyətinin qurulmasını elan edir. Sovet Ermənistanının yeni hakimiyyəti isə Aleksandropol müqaviləsini tanımadığını bəyan edərək, Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağa qarşı iddialara davam etməkdə olur. Ancaq burda bir məsələni də qeyd etmək düzgün olardı. Belə ki, bəzi araşdrımaçılara görə Sovet Ermənistanı RSFSR ilə razılığında hər üç mübahisəli ərazilərə iddia etməmişdir, iddia yalnızca Zəngəzuru (ki müqavilədə də bu ərazi məhz Sovet Ermənistanına aid olması göstərilir) öz ərazi aid olduğunu bildirmişdir (Audrey L. Altstadt. The Azerbaijani Turks: power and identity under Russian rule. — Hoover Press, 1992. — P. 116. — 331 p. — (Studies of nationalities). — ISBN 0-8179-9182-4, ISBN 978-0-8179-9182-1). Habelə həmin dövrdə Azərbaycan parlamentində çıxış edən Əli Heydər Qarayev Dağlıq Qarabağın Sovet Ermənistanına təhvil verilməsi təklifi ilə çıxış edir. Cavab olaraq, Qarayevin sözünü kəsən Azərbaycan İcraiyyə Komitəsinin rəhbəri olan Nəriman Nərimanov isə “Əli Heydər, Qarabağ sənin götün deyil, hər istədiyinə verəsən” deyə cavablanırır. Ümumilikdə Sovet rəhbərliyi, ələlxüsus İosif Stalin “balans siyasəti” saxlamağa çalışsa, hər iki tərəfin könlünü oxşayacaq ifadələr işlətsələr də, İ.C.Stalinin bir çox hallarda Sovet Azərbaycanını dəstəkləməsi, 5 iyul qərarlarında rolunun olması səbəbindəndir ki, Dağlıq Qarabağ erməniləri arasında “Stalin, Stalin xe chs nayum mer halin?” — yəni “Stalin, Stalin niyə baxmırsan halımıza?” deyə deyim də mövcud idi.

4 mart 1921-ci ildə Millətlər Liqasının Ermənistan ilə bağlı qeydlərində “Sovet Rusiyası Ermənistanın tələblərini icra edərək Zəngəzur, Qarabağ və Naxçıvanı Sovet Ermənistanının tərkibinə vermişlər. Lakin daha sonra Osmanlının narazılığını nəzərə alaraq Naxçıvan Azərbaycana geri qaytarılmışdır. Hazırda Ermənistan Erivan, Eçmiədzin, Sürməli, Aleksandropol (yəni indiki Gümri – N.İ), Qarabağ, Zəngəzur rayonları və gürcü Tiflis Quberniyasının bir hissəsinə (bir hissəsi mübahisəlidir)” deyə qeyd olunub. Və ya Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsi ilə bağlı “Bakinskiy raboçiy” qəzetinin dövrü çaplarında və s. bu haqda məqaələlər var. Bununla yanaşı 3 iyun 1921-ci ildə Rusiya Kommunist (bolşevik) Partiyası Qafqaz Bürosu da Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsi haqqında qərar qəbul edir. Bu qərarlara istinsadən 22 iyun 1921-ci ildə Ermənistan rəhbrəliyi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi və onun ayrılmaz tərkib hissəsi olması haqqında dekret qəbul edir (газета «Хорурдаин Айастан» (Ереван, № 106, 19 июня 1921 г.). Habelə Dağlıq Qarabağın və digər ərazilərin Sovet Ermənistanına verilməsi faktı Rusiya Sovet Federativ Sosialist Respublikasının illik hesabatında da öz əksini tapır və bu hesabat Sovetlərin XI Qurultayına təqdim olunur («Документы внешней политики СССР», т. 4, М., 1960, с. 711). 1921-ci ilin fevralın Naxçıvan İctimai Şura Cümhuriyyətində referendum keçirilir, referendumun nəticələrinə görə əhalinin 90%-dən yuxarısı Naxçıvanın Azərbaycana verilməsinə səs verir (Гражданская война и военная интервенция в СССР: энциклопедия. — Советская энциклопедия, 1983. — С. 387; Эдуард Врамович Тадевосян. Советская национальная государственность. — Изд-во Моск. ун-та, 1972. — С. 101; Audrey L. Altstadt. The Azerbaijani Turks: power and identity under Russian rule. — Hoover Press, 1992. — P. 116-117. — 331 p. — (Studies of nationalities). — ISBN 0-8179-9182-4, ISBN 978-0-8179-9182-1). 1921-ci ilin 16 mart tarixində RSFSR və Türkiyə arasında Moskva müqaviləsi imzalanır. Müqavilənin müddəalarına görə Sevr müqaviləsi və ondan daha öncə də mövcud olmuş mübahisəli ərazilər hesab edilən Aleksandropol uyezdinin şərqi Ermənistana; Batum vilayətinin şimal hissəsi Gürcüstana, Naxçıvan və Şərur-Dərələyəz uyezdi isə Azərbaycana təhvil verilir. Türkiyə tərəfində isə Batum vilayətinin cənubi (Artvin okruqu), Aleksandropol uyezdinin qərbi, Qars vilayəti bütünlüklə və Sürməli uyezdi qalır. İmzalanmış müqavilə daha sonra Qars müqaviləsilə bir daha ətsdir edilir.

Lakin Qarabağın azərbaycanlı icması bu qərara qarşı etiraz edir, gərginlik artan xətt istiqamətində davam edərək, ən son olaraq üsyanla başa çatır. Məsələnin həlli ilə bağlı İnqilab Komitəsinin iclası keçirilir və səsverməyə qoyulur. Nəticəyə görə Qarabağın Ermənistana verilməsinə qərar verilir. Lakin Nərimanov yekun qərarın Qafqaz Bürosu tərəfindən deyil, Moskva tərəfindən təsdiq edilməsinə təkid edir. Etirazlara baxmayaraq 5 iyul 1921-ci il tarixində fövqaladə iclas çağrılır və səsverməyə çıxarılmayaraq Dağlıq Qarabağın Sovet Azərbaycanına təhvil verilməsi və Azərbaycanın mərkəzi Şuşa şəhəri olmaqla Dağlıq Qarabağın sərhədlərinin təyin edilməsi, habelə digər administrativ işlər həvalə edilir (ЦК КПСС, Ф.64, список 2, дело 1, л.118; 122-122). Sovet Ermənistanın rəhbərliyi çox kəskin şəkildə buna etirazlar edir, Stalinin və Nərimanovun birgə dəstəyiylə Dağlıq Qarabağın Sovet Azərbaycanına verilməsini, Çxenkeli, Aqaronyan və Topçubaşov siyasəti ilə eyniləşdirir (ЦПА ИМЛ,ф. 1, оп. 1, д. 232, л. 22—23). Ermənistan tərəfi ərazinin əsasən ermənilərdən ibarət olmasını, türklərin (yəni azərbaycanlıların) Dağlıq Qarabağda azlıq olmasını əsas gətirərk, ərazinin məhz Ermənistana təhvil verilməli olduğuna təkid edirdi. Lakin daha əvvəl Zəngəzur Sovet Ermənistanına verilmişdi, hansı ki bu baş verdikdə Zəngəzur əhalisinin 123095 nəfəri türk, 99257 nəfəri isə erməni idi (Территории, ставшие объектом спора между республиками Закавказья. 01.03.1921 // РГАСПИ, ф. 5, оп. 1, д. 2796, л. 4)