Azərbaycan Respublikasının yaranması, özü özlüyündə bir çox yeniliklər, bir sıra problemlər, bir sıra hadisələrin başlanğıcını da gətirir. Bunun ən başda olanı tarixdə ilk dəfə Azərbaycan adlı siyasi qurumun meydana gəlməsidir, həmçinin daha əvvəllər coğrafi bölgə adı daşıyan Azərbaycan toponiminin üzü şimala «sürüşdürülərək», Qafqaza «daşınmasıdır». Bu haqda daha əvvəl də qeyd etmişəm, Azərbaycan adlı coğrafi məkan, indiki Talış-Muğan ərazisindən Zəncana qədər olan ərazini əhatə edib. Sual oluna bilər ki, bəs niyə bu baş verdi? Bununla bağlı qəti və dəqiq cavab yoxdur təəssüf ki, yalnızca müəyyən ehtimallar etmək olar. Bununla bağlı Rusiyanın tanınmış şərqşünası, türkoloq və ərəbşünas Vasiliy Bartold: «Əyər hazırda Azərbaycan Respublikasının birləşdirdiyi bütün bölgələr üçün termin (toponim — N.İ.) tapmaq lazım olsa, böyük ehtimalla bu Arran olardı. Ancaq Azərbaycan adlanan termin (toponim — N.İ.) ona görə seçilib ki, ehtimal edilirdi ki, Azərbaycan Respublikası yarandıqda fars (yəni İran Azərbaycanı və ya tarixən mövcud olan Azərbaycan adlı bölgə — N.İ.) və bu Azərbaycan bir bütün təşkil edəcək, çünkü əhalinin tərkibinə görə (mədəniyyət, tarix, məişət, din, etnik tərkib və s.) çox bənzərlikləri var. (Бартольд В.В. Сочинения: В 9-ти томах. Т. 2. Ч. 1: Общие работы по истории Средней Азии. Работы по истории Кавказа и Восточной Европы. М.: изд-во: «Наука», 1963. С. 703) şəklində izah edir. Məntiqli açıqlama olsa da, bu digər sualları yadır. Məsələn, niyə sonrakı dövrlərdə bu ad dəyişilməyib? Məsələ budur ki, Azərbaycanda sosislist hakimiyyətinin bərqərar olmasından sonra, belə radikal addımlar atıla bilməzdi, bu çox təhlükəli məsələ olardı. Sonradan Azərbaycan SSR rəhbərliyində təmsil olunanlar, məsələn Nəriman Nərimanov da Əqdnaməyə (Müstəqillik bəyannaməsi) imza atmış şəxslərdən biridir. Üstəlik, ad dəyişdirilməsi haqqında qərara gəlindi tutalım, nə ilə əvəzlənəcək? Aran? Albaniya? Bölgənin tarixinə nəzər yetirsək, ümumi ad altında dövlət tapmaqda çətinlik çəkilir. Digər səbəb isə elə Moskvanın da Persiyada, daha sonra isə İranda «gözü var idi», 1940-cı illərdə də bunu gördük. Gənc Türklərin idarə etdiyi Osmanlı isə «türk-islam dünyasını birləşdirəcək Böyük Turan» xəyalı ilə yaşayırdı, Osmanlı, Mərkəzi Asiyanı öz idarəsinə almaq üçün «Bütöv Azərbaycan» məsələsi qaldırması da başadüşüləndir, bunu 1990-larda Üçüncü Respublika dövründə şahidi olduq. Persiyanın 1918-ci ildə rəsmi, İranın isə 1990-larda qeyri rəsmi olaraq dövlətin adının dəyişdirilməsi ilə bağlı məsələ qaldırmaq təşəbbüsü də bundan irəli gəlirdi.

1870-lərdən bu yana gedən bu dövrdə əldə olunan digər nəticə də, Azərbaycanın və azərbaycanlıların etnik kimlik məsələsi oldu, azərbaycanlılar əsrlər sonra özlərinə ad tapa bildilər. Həmin dövrə qədər özlərinə müsəlman deyən əhali, özü üçün etnik ad düşünməli idi, dünya dəyişdiyindən, artıq dini mənsubiyyət ilə kimliyi müəyyən etmək dövrü keçmişdə qalmalı idi. Sözügedən dövrdə həm Avropada, həm dünyada milliyətçilik dəb halını alırdı, bu fonda türkçülük ideyasının ortaya çıxması da təbii məsələ idi. Qafqazda yaşayan türkdilli və qeyri əhali kiçik xalqlardır, vahid millət, vahid dövlət təcrübəsinə də sahib deyillər. Bu halda kənar təsirlərə məruz qalmaları da təbiidir, elə məhz bu səbəbdən də, azərbaycanlılar öz milliyətçilik ideologiyasını deyil, ümumtürk milliyətçilik ideyasına sahibləndilər. Osmanlının forpost olaraq gördüyü və dəstəklədiyi Azərbaycan Respublikasının da dövlət siyasətində türk milliyətçiliyini dəstəkləməsi də, indi azərbaycanlı adlanan etnik qrupun 20-ci əsrin əvvəllərində özünə türk deməsinə səbəb oldu. Əslində, bu ideologiya və etnik mənsubiyyəti türk adlandırma sırf dövlət səviyyəsində və ya üst təbəqədə mövcud idi, sıravi əhali özünə hələ də müsəlman deməyə davam edirdi. Azərbaycanlı adı həmin dövrdə mövcud deyildi, azəri adının gündəmə gətirilməsi isə Azərbaycan Respublikasının Persiyanın ovcuna qoyulması mənasına gələcəkdi. Ki, bu da öz növbəsində nə Osmanlı nə də Antanta dövlətlərinin marağında deyildi.

Üçüncü əldə olunan isə, dövlətçilik ənənəsinin əsasının qoyulması idi. Azərbaycan Respublikası yeni yaranan dövlət idi, istər bu coğrafi bölgədə bu adda dövlətin olmaması, bu coğrafi bölgədə mövcud olan dövlətlərlə etnik, mədəni, din və s. bağlılığının olması həmin dövlətlərə varislik iddiasını da mümkünsüz edirdi və hal hazırda da edir. Bu bölgənin tarixinə nəzər salaq. Bəziləri iddia edə bilər ki, bəs xanlıqlar, Ağqoyunlu, Qaraqoyunlu, Albaniya və s. Xanlıqlar vahid dövləti təcəssüm etdirmir, həmçinin onların bu və ya digər formada Persiyaya tabe olmaları və ya bağlılığı, Ağqoyunlu və Qaraqoyunlu hökmdarlarının türk əsilli tayfalardan olmasından savayı (və sonra? olsun da türk) heç bir əlaqəsi yoxdur. Bu mənada ən uzaq düşən isə Albaniyadır, həm din və məişət, həm də bu səbəblərdən döblət rəmzləri və s. baxımından da əlaqəsi yoxdur. Həmin dövrdə Azərbaycan cəmiyyətində də Ağqoyunlu və Qaraqoyunlu, Albaniya kimi dövlətlərdən çox yaddaşlarda qalan məsələn xanlıqlar, Persiya (bütün xanədanları ilə birlikdə) idi. Ona görə də bütün dövlət rəmzləri, inzibati bölgü, idarəçilik modeli kənardan əxz olunurdu. Dövlət rəmzləri, ideoloji məsələlər əyər Osmanlıdan götürülürdüsə, idarəçilik modeli Qərbdən götürülürdü (məsələn Böyük Britaniya qoşunlarının Bakıya girməsindən sonra parlamentin yaranması kimi).

Dördüncü məsələ dünyəvilik faktoru. Niyə? Buna səbəblər çoxdur. Oxucu haqlı olaraq sual verə bilər ki, bəs ideoloji olaraq panislamizm və pantürkizm Osmanlıdan götürülürdüsə, necə olurdu ki, dünyəvilik elementi ən azından şərti və ya rəsmi səviyyədə qəbul edilir? Məsələ budur ki, Bakı şəhəri regional mənada Tbilisi, geniş anlamda Peterburg qədər olmasa da, həmin dövrdə Rusiyada olan proseslərdə iştirak edir, Rusiyada tsar hökümətinə qarşı qüvvələrin toplandığı məkanlardan biri olur. Bakı başda olmaqla böyük şəhərlərin çoxmillətli olması, Azərbaycanda daşnakların, eserlərin, sol cəbhənin mövcudluğu və kifayət qədər güclü olması faktı vardı. Azərbaycanda Osmanlı belə islam faktorunun qabardılmasına ehtiyyatla yanaşır, çünkü azərbaycanlılar şiədir, bu səbəbdən də sünni Osmanlıdan çox, şiəliyin mərkəzi və tarixi, etnik, mədəni baxımdan daha yaxın olduğu Persiyaya meyllənməsi baş verə bilərdi. Böyük Britaniya da dünyavilik faktorunun üstündə dayanmağa üstünlük verir, çünkü islam və milliyətçilik faktorunun güclənməsi onun Persiya və ya Osmanlıya meyllənməsinə səbəb ola bilərdi. Bütün bu şərait isə əslində Azərbaycan və azərbaycanlılar üçün göydəndüşmə hədiyyə idi.

Beşinci məsələ sərhədlərdir. Yuxarıda qeyd etdiyim kimi, bu bölgədə bu adda bu cür dövlət mövcud olmadığından, nədəsə istinad edib, nəsə qurmaq çox çətin idi, bu indi də belədir, vur tut 100 il keçib və hələ də hər şey tam oturuşmayıb. Eyni problem digər iki qonşumuzda da var idi, məhz ona görə güc mərkəzləri də bu bölgənin dövlətlər arasında bölgüsünü necə edəcəklərini, bundan necə çıxış yolu tapıb, həm də bütün tərəfləri razı salmaq məsələsi var. Ona görə də, tərəflər daha əvvəl Rusiya tərəfindən aparılan bölgüyə əsasən Tiflis və Kutais quberniyaları Gürcüstan, Erivan quberniyası Ermənistan, Bakı və Yelizavetpol quberniyaları Azərbaycan olaraq bölünməsinə qərar verir. Bu bölgədə müxtəlif etniklərin dövlətləri mövcud olub, həmin dövlətlərin isə sabit sərhədləri mövcud olmayıb, bu səbəbdən də «kiminsə xeyrinə» qərar verilə bilməzdi. Yaxud deyək ki, buna cəhd edildi, məsələn tarixdə Şəddadilər dövləti olub, kürd sülaləsinin idarə etdiyi dövlətdir, bunu hansı dövlətin «balansına» verəcəyik? Və ən əsası nəyə əsasən? Yaxud başqa nümunə. Bu hansı tarixlərdə mövcud olan dövlətlərə şamil ediləcək? Məsələn bizim eradan əvvəl, ya eramızın hansısa konkret əsrləri və niyə məhz həmin dövr? Deyək ki, etnik sərhədlərə bölmək istədik, bu da öz növbəsində bir çox problemlər yaradır. Məsələn 1918-ci ildə Şuşa/Şuşi əhalisinin çoxluğu erməni idi, əvəzində onlarla yaşayış məntəqəsi var ki Ermənistanda, onlarda da kürd və türk əhali yaşayırdı. Bu halda xəritəni əyər sırf etnik sərhədlərə görə bölsək, onda da xəritə bağışlayın ama «aşsüzənə» bənzəyər. Bu aşsüzənə bənzəyən xəritəni dünya qəbul etdi. Bu halda çoxsaylı anklav və eksklavlar səbəbilə bu dövlətlər yenə də bir birilə yaxşı münasibət saxlamağa məcbur olacaq, yox bunu etməyəcəksə, bu halda sonu bilinməyən müharibələrlə nəticələnəcək. Ki, bunu da qalib dövlətlər istəmirdilər, onların marağında deyildi bu. Rusiyanın böldüyü sərhədlər əsasında dövlətlərin tanınması isə, həm bu dövlətlərin çoxmillətli dövlət olması, bu səbəbdən də, məsələn Azərbaycanda erməni, Ermənistanda azərbaycanlı olduğundan heç bir tərəfin milliyətçi ritorika edə bilməməsi, sadəcə milli dövlətlər anlayışı ilə kifayətlənməsinə, həm də tərəf tutmadıqları üçün yerli hökümətlər və əhali tərəfindən daha az qəzəbə məruz qalmaya səbəb olurdu. Bugün bu üç dövlətin hər biri 1918-ci ildə mövcud olan dövlətlərinin sərhədlərini tamam başqa cür təqdim etməsi normaldır, ancaq həqiqət deyil, bunlar sadəcə iddia olunan ərazilər olub, nə Antanta, nə də Millətlər Liqası bu sərhədləri tanımayıb. Maraq üçün internetdə gürcücə, azərbaycanca və ermənicə hər üç dövlətin adını yazın axtarişa verin, hər biri «daha böyük» olduğunu göstərir. Ki, əslində bölgünün necə olduğunu yuxarıda qeyd etdim. Bu mənada Topçubaşovun xəritəsi sadəcə kağız parçasından o tərəfə deyildi, əyər bu xəritə həqiqətən tanınmış sərhədlər olsa, Azərbaycan 1991-ci ildə Sovet İttifaqını tərk etdiyini bildirən aktı qəbul edəndə 1921-ci il sərhədlərinə malik olduğunu qeyd etməzdi.

Bunları ümumiləşdirib, bəzi əlavələri də qeyd etmək yerinə düşər. 1918-ci ildə yaranan bu dövlət, beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi tanınır, bu Azərbaycan üçün çox böyük, bəlkə də ən əsas uğur idi. Azərbaycan bununla Dağlılar Respublikası, Alaş Orda dövləti kimi tanınmayan respublikaların aqibətini yaşayıb Rusiyaya muxtariyyət olaraq birləşdirilmədi, Sovet İttifaqına ayrıca (Zaqafqaziya SFSR tərkibində olaraq da olsa) qoşulub, 1991-ci ildə ayrıldı, onun müstəqilliyi məsələn Tatarstan və ya Çeçenistanın müstəqilliyi kimi mübahisə predmetinə çevrilmədi, tam təbii qarşılandı. Bu mövzuya aid olmasa belə deyim ki, bu faktın özü də onu göstərir ki, beynəlxalq güclərin kiminsə tərəfini tutması sadəcə absurddur, belə olsa onillərlə mübarizədən sonra fürsət düşmüşkən onları da müstəqil olaraq tanıya bilərdi, ancaq bu olmadı. Qayıdaq mövzuya. 19-cu əsrin sonundan başlayan proses və 1918-ci ildə yaranan bu dövlət, dövlətçilik ənənəsinin əsasını qoydu. Məsələn eyni hadisələr Türkmənistanda baş verməyib. Bu səbəbdən də, Türkmənistanın bu gün bu cür qapalı və geridə qalan ölkə olmasına səbəb olub. Azərbaycanda hazırda iqtidarda olan şəxs və qrupların, bəlkə də arzu və xəyallarında görmək istədikləri «dinməz danışmaz azərbaycanlılar» və alternativsizlik şəraitində yaşamaması da, məhz 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində gedən proses ilə bağlıdır. Türkmənlər 1991-ci ildə bir də onda ayıldılar ki, Sovet İttifaqı dağılıb, təbii şəkildə də bu sebəbdən müstəqillik əldə edib. Türkmənistanın və türkmənlərin dövlət anlayışı Rusiyaya qədər olan feodal dövlətlər və Türkmənistan SSR idi, onlar bu ikisini eybəcərləşdirib indiki Türkmənistanı yaratdılar. Azərbaycan isə Azərbaycan SSR və 1918-ci il respublikasını mix variant etdi. Nəticədə yaxşı olmasa da, pis və fəlakət seçimində, indiki Azərbaycan Türkmənistan ilə müqayisədə daha öndədir. 1918-ci ildə respublikanın yaranması, sərhədlər məsələsində rol oynadı. Sovet Rusiyası Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlərindən bir hissəsini (əsasən Qazax-Ağstafa-Tovuz və Zəngəzurun qərb hissəsi) Ermənistana və Gürcüstana verdisə, əvəzində Qax, Zaqatala, Balakən Gürcüstan və Naxçıvan MR ərazisi isə Ermənistandan alınaraq Azərbaycana verildi. Hansı ki, Azərbaycan müstəqil dövlət kimi tanınmaması halında aqibəti Tacikistan, Özbəkistan, Qazaxıstan və s. dövlətlər kimi olacaqdı, Moskva öz istəklərinə uyğun olaraq sərhədləri çəkəcəkdi. 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində Rusiya sayəsində Azərbaycan və azərbaycanlılar millətləşmə prosesinin və 1918-ci ildə isə bu sayədə dövlətin yaranması ilə, sonrakı illərdə Sovet hakimiyyətinin qurulması zamanı dövlət və millət faktoru ilə üz-üzə qaldı.

Xülasə ilə yanaşı, həm də bir neçə məqamı da qeyd etmək istəyirəm. Bu dövr indiki Azərbaycan ərazisində yaşayan əhalinin siyasi-ictimai həyatında, regionda maraqları olan dövlətlər üçün isə manevr imkanlarında bəzi yeniliklər gətirdi. Bunlardan başlıcası «işğal altında olan İran Azərbaycanı» və ya «Bütöv Azərbaycan» məvhumu oldu. Bu məsələdən, istər İran Azərbaycanı siyasiləri, istərsə də Qafqaz Azərbaycanı siyasiləri fəal istifadə etdilər, özlərinin təbliğatı, karyerası üçün alətə çevirdilər. Həmçinin bu mövzu Moskva, Vaşinqton və Ankara üçün İran siyasətində rıçaqlardan biri oldu. Bunu daha sonrakı tarixi hadisələrdə də müşahidə etmək olar. Həmçinin, gələcəkdə türk/azəri/azərbaycanlı müzakirələrinə də rəvac verdi. Dünyəvilik faktoru da, indiki İran və Azərbaycan əlaqələri mövzusunda əsas xətt oldu, əlifba reformlarının vacibliyi və s. kimi kulturoloji mövzular da bu dövrdə müzakirəyə çıxdı və günümüzdə də davam edir.

Bəs bunun baş verməsində Rusiyanın rolu varmı? Əlbəttə var. Məsələn, eyni siyasi-ictimai aktivlik, müzakirələr və s. Mərkəzi Asiyada bu həddə görülmür. Bura Azərbaycanın yerləşdiyi coğrafi mövqeyi ilə yanaşı, burada yerləşən təhsil müəssisələrinin, Qori seminariyasının, Peterburq Universitetinin, Qərb ölkələrinə təhsil almaq üçün göndərilən şəxslərin də rolu böyükdür. Bunu Rusiya burada yaşayan insanları sevdiyi üçün edirdimi? Xeyr, bu onun dövlət maraqlarına uyğun olduğu, dindar kütlənin neytrallaşdırmaq və bununla da dindar müsəlman əhalinin Persiya ya Osmanlı təsirinə düşməməsi, sərhədyanı ərazidə üsyanlar və s. yaşanmaması üçün lazım idi. Həmçinin, neft faktorunun danılmaz rolu var. Bakıda bugün turistlərə fəxrlə göstərilən tarixi tikililər və s. bu dövrdə neft maqnatları, milyonerlər tərəfindən malikanə olaraq tikilmişdi, şəhər məhz onların sayəsində inkişaf edirdi. Bakıda inşa olunan Sabunçu-Balaxanı-Suraxanı xəttilə işləyən dəmiryolu da ilk növbədə məhz neft və neft məhsullarının daşınması üçün tikilmişdi. Bu mənada, bəli, bunları Rusiya etmişdi, bunu burada yaşayan şəxslərə görə deyil, öz maraqlarına görə etmişdi, ancaq bunun faydalarını həm o dövrdə, həm indi də bütün Azərbaycan görə bilir.

1919-cu ilin fevralında Dağlıq Qarabağ ermənilərinin IV Qurultayı baş tutur, bu qurultayda Dağlıq Qarabağın Azərbaycan tabe olmadığı bir daha vurğulanır. Həmin ilin yayında yenidən Dağlıq Qarabağ və ətrafında vəziyyət gərginləşir. Bu halda Azərbaycan hakimiyyəti Birləşmiş Krallığın daha öncə verdiyi qərarlar və hərbi kontingentin Azərbaycanda yerləşməsinə istinad edərək Dağlıq Qarabağ ermənilərinə qarşı hərbi əməliyyatlar aparmaq fikrində olduğunu qarşı tərəfə bildirir. Uzunmüddətli danışıqlardan sonra tərəflər razılığa gəlir, bu razılığa əsasən Dağlıq Qarabağ ərazisinə Azərbaycan ordusu daxil olmamaq və administrativ idarəçiliyin Dağlıq Qarabağ ermənilərinin əlində qalması şərtilə Paris Sülh Konfransının məsələ ilə bağlı mövqe bildirməsinə qədər Azərbaycan Respublikası hüdudlarında qalmasına razılıq verir. Sözügedən saziş Dağlıq Qarabağ ermənilərin VII Qurultayı və Azərbaycan höküməti arasında 22 avqust 1919-cu il tarixində imzalanır. Habelə həmin dövrə qədər analoji qərar ilə Naxçıvan və Zəngəzurun idarəçiliyi Ermənistana həvalə edilir. Britaniya komandanlığının razılığı ilə Xosrov Bəy Sultanovun 1919-cu ildə Dağlıq Qarabağa general qubernator təyin edilməsindən sonra, 19 fevral 1919-cu il tarixində Dağlıq Qarabağ ermənilərinin IV Qurultayı keçirilir. Qurultay bu qərara etiraz edərək, «Xalqların öz müqəddəratını təyin etmək hüququnu təkidlə bir daha vurğulayaraq, Qarabağın erməni əhalisi qonşu türk xalqının öz müqəddəratını təyin etməsinə hörmətlə yanaşır və bütün dünyaya Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağ ilə bağlı eyni prinsiplə hesablaşmamasına etiraz edir və sonuncunun heç vaxt Azərbaycan hakimiyyətinin aililiyini qəbul etməyəcəyini bildirir» (Нагорный Карабах в 1918-1923гг. Собрание документов и материалов, Ереван, 1992, с.79, документ № 49.).

1919-cu ilin aprelində qurulan və ilin sonuna qədər hakimiyyətdə olan IV hökümət qurulur. Hökümətə daxil olanlar bu şəxslərdir:

Nazirlər Şurasının sədri və daxili işlər naziri – Nəsib bəy Yusifbəyli (bitərəf)

Maliyyə naziri – Əlağa Həsənov (bitərəf)

Ticarət və sənaye naziri – Ağa Əminov (bitərəf)

Xarici işlər naziri – Məmmədyusif Cəfərov (Müsavat Partiyası)

Yollar naziri – Xudadat bəy Məlikaslanov (bitərəf)

Poçt-teleqraf naziri – Camo bəy Hacınski (Sosialist)

Hərbi nazir – Səməd bəy Mehmandarov (bitərəf)

Sosial-təminat naziri – Viktor Klenevski (Slavyan-Rus cəmiyyəti)

Səhiyyə naziri – A.Dastakov

Maarif və dini etiqad naziri – Rəşid xan Qaplanov (Əhrar)

Əkinçilik və dövlət əmlakı naziri – Aslan bəy Qardaşov (Əhrar)

Portfelsiz nazir – X.Amaspür (Daşnaksütun Partiyası)

Dövlət nəzarəti naziri – Nəriman bəy Nərimanbəyli (Müsavat Partiyası)

Ədliyyə və əmək naziri – Aslan bəy Səfikürdski (Sosialist)

Daxili işlər naziri (1919, oktyabr) – Məmmədhəsən Hacınski (Müsavat Partiyası

Sözügedən dövrdə ilk Azərbaycan valyutası – manat tədavülə buraxılır, bununla da ZDFR rublunun dövriyyəsinə son verilir. Manat 1923-cü ildə ZSFSR-in elanına qədər tədavüldə qalır, ilkin olaraq 25, 50, 100, 250 və 500 manatlıq əskinazlar dövriyyəyə buraxılsa da, Azərbaycan İŞC elanından sonra inflyasiya səbəbilə 5; 100; 1,000; 5,000; 10,000; 25,000; 50,000; 100,000; 250,000; 1 milliyon və 5 milliyon manatlıq əskinazlar da dövriyyəyə buraxılır. 1919-cu il 1 sentyabr tarixində isə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) təsis edilir.

1919-cu ildə Azərbaycan Respublikasının hazırki Birləşmiş Millətlər Təşkilatının prototipi olan Millətlər Liqasına üzvlük üçün müraciətinə baxmayaraq, bu müraciətə mənfi cavab verilir. Belə ki, həmin beynəlxalq quruma üzvlük üçün müraciət edən Azərbaycanın (Azərbaycandan əlavə həm də Ukraynanın) dövlət sərhədlərinin dəqiq təsviri, bu təsvirin real bölgülərə əsaslanması və mübahisəli ərazilərin olması səbəbilə rədd edilmişdir. Bununla yanaşı, digər səbəb həm də Dağlıq Qarabağla bağlı mübahisələrinin mövcudluğu olmuşdur.

1919-cu ilin sonunda isə Azərbaycan Respublikasının son höküməti qurulur. Tərkib aşağıdakı kimi müəyyən edilir:

Nazirlər Şurasının sədri – Nasib bey Yusifbəyli (Müsavat)

Xarici işlər naziri – Fətəli xan Xoyski – (bitərəf)

Hərbi nazir – Səməd bəy Mehmandarov (bitərəf)

Daxili işlər naziri – Məmmədhəsən Hacınski (Müsavat)

Ədliyyə naziri – Xəlil bəy Xasməmmədov (Müsavat)

Maliyyə naziri – Rəşid xan Qaplanov (Əhrar)

Maarif və dini etiqad naziri – Həmid bəy Şahtaxtinski (İttihad)

Əmək və əkinçilik naziri – Əhməd bəy Pepinov (sosialist)

Yollar naziri (eyni zamanda, müvəqqəti olaraq, ticarət, sənaye və ərzaq naziri) – Xudadat bəy Məlikaslanov (bitərəf)

Poçt-teleqraf naziri – Camo bəy Hacınski (sosialist)

İctimai təminat və səhiyyə naziri – Musa bəy Rəfiyev (Müsavat)

Dövlət nəzarəti naziri – Heybətqulu bəy Məmmədbəyov (İttihad)

Lakin hökümətdə kiçik dəyişikliklər də edilir zamanla, 1920 il fevralın 18-dən Mustafa bəy Vəkilov daxili işlər naziri, Məmmədhəsən Hajinski ticarət, sənaye və ərzaq naziri, martın 5-dən isə Nurməmməd Şahsuvarov xalq maarifi və dini etiqad naziri olmuşdur.