İran azərbaycanlıları II hissə : XX əsrdə

Bir çoxları 1925-ci ildə Qacar xanədanının Persiyada taxtdan düşməsi və Pəhləvi xanədanının hakimiyyətə gəlişini 700 illik fasilədən sonra İranda türklərin devrilməsi və bununla son yüzillərdə ilk dəfə fars əsilli bir sülalənin iqtidara gəlişi kimi təqdim edir. Əslində mən bununla qəti razı deyiləm. İstər əvvəlki adı ilə Persiya, istərsə İran Şahlığı, istərsə də İran İslam Respublikasını azərbaycanlılar (türklər) olmadan təsəvvür etmək qeyri mümkündür. Ümumiyyətlə isə götürdükdə, İranda milli-etnik məsələlər çox da qabarıq olmamışdır, ölkə vətəndaşı olan hər kəs iranlı kimliyi adı altında İranın inkişafına öz tövhəsini verməyə çalışmışdır. Məsələn İranın II Baş naziri olmuş Mirzə Əli Əsgər Xan Əmin Soltan Atabəy əslən İran gürcüsüdür, hansı ki ad və soyadında bundan əsər-əlamət belə yoxdur. Eynilə VII Baş nazir Kamran Mirzə giləki və talış əsilli, IX Baş nazir Mohammad Vəli Xan mazandaranlı, XI Baş nazir Nacaf Qoli Samsam Əl Saltaneh milliyətcə lur, XVII Baş nazir Fətullah Xan Əkbər giləki və talış olmuşdur.

Namzadi

800px-Rezaschahwifedaughters

İlk Pəhləvi Şahının həyat yoldaşı olan əsl adı Nimtac Xanım olan Tacül-Mülk əslən bakılı olub, onun atası Teymur Xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki olmuş, Persiya Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacül Mülk özünün xatirələrində atasının Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900-1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşmüşlər, bu səbəbdən də naməlum tarixdə Teymur Xan öz ailəsini Bakıdan İrana gətirmişdir. Bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışlar. Yüksəkrütbəli hərbi xadim olan Teymur Xan, Bakıya, bir neçə aydır mövcud olan Azərbaycan Respublikasına gələn ingilis ordusunun tərkibində doğulduğu şəhərə qaytımış olur. Lokal toqquşmalarda isə qızının gələcək həyat yoldaşı və İran şahı, bu toqquşmalarda isə hərbi xadimin həyatını xilas etmiş olan Reza Savadkuhi ilə tanış olur, onu öz hərbi hissəsinə şücaətinə görə götürür. Daha sonra hər ikisi İrana geri qayıdır və tədricən yaxınlığın baş verməsi ilə Tacülmük və Reza nişanlanır.

Taj_ol-Molouk_-_queen_of_Persia

Reza Pəhləvi özü də məhz qafqazlı (türk, tatar və s. adlarla hallanan azərbaycanlı) olmuşdur, daha sonra ailəsi o zamankı Persiya Qacar İmperiyasına, Mazandarana köçmüşdür. Bunu Tacül-Mülkün xatirələri ilə yanaşı, bir sıra digər mənbələrdən də görə bilərik (məsələn Stewen R. Ward. Immortal: A Military History of Iran and Its Armed Forces). Habelə, o azərbaycanca (türkcə) mükəmməl danışma qabiliyyətinə malik olmuşdur. Hər ikisi – istər Reza Pəhləvi, istərsə də Tacülmülk İran tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərdirlər. Bu gün bir çoxunun böyük həsrət və rəğbətlə xatırladığı dünyəvi İranın əsasının qoyulmasını, dövlətin rəsmi adının “pers” yəni fars etnonimi və ya sülalələrin deyil, orada yaşayan bütün etnikləri özündə birləşdirən və tarixi toponim olan İran adı ilə adlandıran da məhz Reza Şah olmuşdur. İranda çadranın yığışdırılması da məhz bu iki şəxsiyyətin adı ilə bağlıdır: 1934-cü ildə İran müəllimlər kollecinin tədbirində dövlət rəsmilərindən özünün həyat yoldaşı və qızlarının da iştirakını tələb edir, tədbirə qatılan xanımlar tamamilə dəbdəbəli qərb üsulu geyimlərdə iştirak edirlər. Bundan sonra isə Reza Şah bütün ölkədə keçmişin qalıqları olan çarşabı qadağan edir. Xatırlatmaq istərdim ki, 5000 illik İran tarixində ilk dəfə Şahbanu titulunu daşıyan da məhz Tacülmülk olmuşdur. Habelə Reza Şahın dövründə (1935-1939) İranın baş naziri olmuş Mahmud Cam da əslən Təbrizdən, türk ailəsindəndir. Onun oğlu Fereydun Cam isə İranda hərbi sahədə karyerasını qurmuş, 1970-ci illərdə Məhəmməd Reza Pəhləvi ilə aralarında olan anlaşılmazlıq səbəbilə istefaya getmişdir.

XX əsr İran azərbaycanlılarının içində tanınmış bir çox digər şəxsiyyətlər də var. Bu adların içində öndə gələn adlardan biri də Fərəh Diba, yəni Pəhləvi xanədanının ikinci və sonuncu şahı olan Məhəmməd Reza Pəhləvinin həyat yoldaşıdır. İran tarixində başına tac qoyan ilk və son şahbanu olan Fərəh Diba (evlilikdən sonra Fərəh Pəhləvi), müasir İran tarixində əhəmiyyətli şəxslərdən biridir. Onun sayəsində illər əvvəl İrandan qeyri qanuni olaraq xaricə daşınmış onlarla tarixi eksponatlar, əsərlər yenidən satın alınaraq irana gətirilmişdir, mədəniyyət sahəsində Fərəhin gördüyü işlər danılmazdır, bu kimi işlərə ən böyük misallardan biri də Tehran Müasir İncəsənət Muzeyi sayıla bilər.

1945-ci ildə İranın şimalında Sovet İttifaqının dəstəyilə Azərbaycan Milli Höküməti qurulmuşdur. Bir sıra şəxslər – əsasən də pantürkist milliyətçilər – bu hökümətin maraq və məramlarını başqa cürə anlasalar da, həmin hökümət II Dünya müharibəsi dövrü və İran Pəhləvi şahı Reza Şahın ölkədə olmaması səbəbilə bu coğrafi məkanda idarəçiliyin həyata keçirilməsi məqsədilə yaradılmış milli hökümət rolunu oynamışdır, həmin hökümət İrandan ayrılmaq fikri olmamış, üstəlik milliyətçilik və ya türkçülük ideyalarını deyil, sosializmi dəstəkləmişdir. Sözügedən hökümətə Seyyid Cəfər Pişəvəri rəhbərlik etmişdir.

Müasir İranın incəsənət, elm, idman və s. kimi sahələrində də azərbaycanlılar mühüm rol oynayırlar. ABŞ Elmlər Akademiyasının üzvü olan və dünya elminə tövhələrinə görə Albert Eynşteyn mükafatı laureatı Əli Cavan (fizik olmuşdur), filosof Seyyid Cavad Təbatəbai, 1970-1978-ci illərdə Almaniyanın Hamburg şəhərində yerləşən İslam Mərkəzinin İmamı olmuş filosof və teoloq Mohammad Moctahed Şəbustəri, fizik və hazırda ABŞ-da yaşayan Firuz Partovi, İranda fars işarət dilinin ixtiraçısı, lal-kar məktəbi və ilk uşaq bağçasının əsasını qoymuş və İranda ilk uşaq kitabının müəllifi Cabbar Əsgərzadə (Bağçeban), İranşünaslıq və Qafqazşünaslıq üzrə 70-ə yaxın kitabın müəllifi, İslam dinində reformların aparılmasının vacibliyini irəli sürən Əhməd Kəsrəvi Təbrizi, beynəlxalq səviyyədə otropedik cərrahiyənin əsasını qoyan tibb alimlərindən və hazırda Berlin sümük və oynaq əməliyyatı üzrə mərkəzin direktoru olan Rəhim Rəhmanzadə, İranda dəqiq elmlərin inkişafının banisi və görkəmli mühəndis Mehdi Qalibafian, filosof və bəhai Əli Murad Davudi, teoritik fizik və Çikaqo, Toronto universitetlərində təhsil almış elm adamı Yusif Subuti, İranda konstitusiyalı monarxiyanın və müasir parlamentin quruclarından olan riyaziyyatçı alim Mohsen Həştrudi, tarixçi Homa Nateğ, heykəltəraş Heydər Hatəmi, film rejissoru Reza Mirkərimi, arxitektor olan Əli Əkbər Saremi, rəssam Aydın Ağdaşlu, kamança ustası və musiqiçi Əli Əsgər Bahari, bəstəkar və İran Milli Orkestrinin banisi Fərhad Fəxrəddini, hazırda Almaniyada yaşayan heykəltaraş Əkbər Behkəlam, İran rəssamlığında Şağane üslubunun yaradıcılarından olan Mansur Ğəndriz, film rejissoru və fotoqram Kamal Təbrizi (əsasən İranda ABŞ Səfirliyinin ələ keçirilməsi kadrları ilə məşhurlaşmışdır), tar ustası və musiqiçi Mahmud Şaterian, film rejissoru Ebrahim Hatamikia, aktyor və komediya ustası Əkbər Abdi, aktyor Cəmşid Haşimpur, musiqiçi, bəstəkar və tar ustası Əli Səlimi (Bakıda doğulub), musiqiçi Həsən Anami Olya (1990-cı ildə Bakıya köçmüşdür), İran milli musiqisini dünyaya tanıdan ilk müğənni Monir Vəkili, musiqiçi və bəstəkar Samin Bağçeban, aktrisa Cəmilə Şeyxi, tar ustası Qulamhusein Biqcehani, aktyor Behruz Vossuği (əsl adı Xəlil), aktyor və müğənni Pərviz Parastui, rədif musiqi alətində mahir ifaların müəllifi və Tehran İncəsənət Universitetinin professoru Nasrullah Naserpur, müğənni Aref Arefkia, 1979-cu ildə keçid hökümətinə rəhbərlik etmiş və İranın 26-cı baş naziri Əli Soheili, 27-ci baş naziri Mohammad Said, 29-cu baş naziri Ebrahim Hakimi, 46-cı baş naziri Mehdi Bəzirgan da dövrün İran azərbaycanlıları arasında tanınmış şəxsiyyətlərdir. İranın müasir tarixində hərbi sahədə də azərbaycanlılar aktiv rol oynamışlar. Abbas Qarabaği Təbrizin Qarabağlılar məhəlləsində doğulmuşdur, əslən Füzuli rayonunun Kürdmahmudlu kəndindəndir. “Ərteşbod” yəni general rütbəsi daşıyan Abbas, Şahın 1979-cu ildə İranı tərk etməsi zamanı İran ordusuna rəhbərlik edən, bir müddət daha İranda inqilabçılara müqavimət göstərilməsini təmin edən şəxs olmuşdur.

35555

014713083_10154199589112800_3179614096279564324_o1476354654

İran İslam Respublikasının qurulmasından sonra da azərbaycanlılar İran tarixində əhəmiyyətli rol oynamağa davam etmişlər. 1980-ci ildə İranın Hərbi Naziri olan Mostafa Çəmranın İran-İraq müharibəsi zamanı təyyarə qəzasında həlak olmasından sonra onun yerinə əslən azərbaycanlı olan polkovnik Cavad Fakuri nazir təyin olnumşdur. Onun əmisioğlu 1965-ci ildə yaradılmış Sazman-e Mocahedin-e Xəlq-e İran (İran Müqavimət Hərəkatı azərbaycanca) üzvlərindən olmuşdur, təşkilat İrandakı rejimlə ilə müxalif olduğundan 1981-ci ildə vəzifidən kənarlaşdırılmışdır. Bununla yanaşı İran-İraq müharibəsində şəhid olmuş və daha əvvəllər isə Urmiyədə hərbi sahədə işləmiş Mehdi Bakeri İranın Qərbi Azərbaycan ostanının Miandoab (Qoşaçay) şəhərində dindar azərbaycanlı (türk) ailəsində doğulmuşdur. Müharibə dövründə VII Nəvəf Əşrəf biraqadasının, I Aşura briqadası və XXXI Aşura diviziyasına rəhbərlik etmişdir.

Bununla yanaşı Ayətullah Seyyid Əli Xamaneini də yaddan çıxarmaq olmaz. Xamenei əslən Təbrizin Xamnə kəndindəndir və azərbaycanlı (türk) ailəsində dünyaya gəlmişdir. Din xadimi olaraq İranda İslam İnqilabının baş verməsində müstəsna xidmətləri olmuşdur, 1989-cu ildə İranın ilk Ali Dini Lideri Ruhulla Xomeyninin vəfatından sonra ikinci Dini Lider kimi seçilmişdir, hazırda da vəzifəsinə davam etməkdədir. İranın din xadimləri arasında tək Xamenei deyil, həmçinin Ayətullah Mirzə Cavad Təbrizi, Seyyid Əbdül Kərim Musəvi Ərdəbili, Ayətullah Cavad Ğəravi Əliyari, Mohammad Kazem Şəriətmədari, Mohammad Mofatteh, Mohammad Ezodin Hosseini Zəncani, Abbas Əli Samid Zəncani və digərləri də olmuşdur. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, İranın tarixində bu ölkəyə saysız hesabsız müsbət xidmətləri olmuş azərbaycanlılar ilə yanaşı Sadiq Xalxali kimi şəxslər də olmuşdur. Din xadimi olan Xalxali əslən Ərdəbil şəhərindəndir. İslam İnqilabından sonra İranın Ali Məhkəməsinin rəhbəri və həm də baş prokuror olaraq işləmiş, edam hökmü çıxartdığı yüzlərlə insanlara görə “hakim-cəllad” ləqəbi qazanmışdı. Ömrünün sonuna qədər verdiyi bütün müsahibələrdə törətdiyi əməllər və verdiyi hökmlərdən peşman olmadığını bəyan etmişdir. Lakin Xalxalinin İrana qarşı üstüörtülü düşmənçiliyi bununla bitmir. İranda yaşayan çox yaxın tanışlarımdan birinin nəql etdiyinə görə, Xalxalinin tələblərindən biri də Bisutun qaya abidələri və Əhəmənilər dövründən qalma abidələri dağıtma tələbi və hətta cəhdi olub. Şiraz şəhərindən təxminən 40 km məsafədə yerləşən abidələrin dağıdılması üçün Xalxalinin əmri ilə xüsusi iri tonnajlı texnika yollanılmış, həmin texnikanı isə İran Elmlər Akademiyası və tarixçiləri durduraraq, texnikanın önünə yatmaq və bununla da bütün İran ictimaiyyətini Xalxaliyə qarşı mövqe qoymaqla dayandıra bilmişlər. Mənim şəxsi fikrim budur ki, həmin şəxsin mahiyyətcə İŞİD terrorçularından heç bir fərqi yoxdur.

1991-ci ildə Cənubi Qafqazda Azərbaycan Respublikasının müstəqilliyini əldə etməsindən sonra İranda ilk azərbaycandilli televiziya – Səhər TV fəaliyyətə başlamışdır. Televiziya Azərbaycan Respublikası ilə yanaşı, həm də İranın Azərbaycan məntəqəsindəki hadisələrlə bağlı müxtəlif verilişlər və xəbərlər hazırlamaqla məşğul olmağa başlamışdır. Elm sahəsində işləyənlərə aid parlaq şəxslərdən Sina Təməddunun adını çəkmək olar. Sina 1990-cı illərin ikinci yarısından Apple Inc Tətbiqi proqramları üçün baş vitse-prezidenti olaraq işləmişdir. Hazırda ABŞ-da yaşayan və tibb elmi üzrə müstəsna xidmətləri olan Abbas Ələvi, İranda orta məktəb dərsliklərinin müasirləşdirilməsi sahəsində işlər görmüş ədəbiyyatşünas Məhəmmədəmin Riyahi, türkoloqiya sahəsində çalışmış və bir sıra əsər və kitabların müəllifi olan Cavad Heyət, səs dublyoru olan Nəsrullah Medqalçi (məşhur Muhammad, Tanrının peyğəmbəri yəni “Messenger” filmində Əbu Sufyanın səs dublyajını da o etmişdir), karikaturist Cavad Əlizadə (məsələn İranın Albaniyadakı səfirliyinin binasının çertyojunun müəllifidir), film ssenaristi və rejissor Cəfər Pənahi, film rejissoru və mədəniyyət xadimi Rambod Cavad, musiqiçi Davud Azad (Azərbaycan, İran və sufi musiqisi üzrə; habelə Baxın bəzi kompozisiyaları ilə remixləri də mövcuddur), fotoqraf və aktyor Əhməd Ali, ABŞ California ştatında İran müğənnisi kimi tanınan Mənsur Cəfər Mamağani, Araz musiqi qrupunun rəhbəri Rəhim Şəhriyari, aktyor Atila Pesyani (anası Cəmilə Şeyxi də aktrisa olmuşdur), rejissor və arxitektor Təhminə Milani , İranın 49-cu və sonuncu baş naziri olmuş (bu vəzifə 1989-cu ildə ləğv edilmişdir), hazırda müxalif-islahatçı liderlərdən olan Mir Huseyin Musəvi tanınmış İran azərbaycanlılarındandır.

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s